Nurayın anası Əminə Məmmədova mətbuata bildirib ki, gələcəklə bağlı seçimi uşağın özünə həvalə edib: “İstəyirəm ki, öz seçimi olsun. Qızımın bu sənəti itirməsini istəmərəm. Nuray Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli məktəbdə təhsil alır. Dərslərini də yaxşı oxuyur. Riyaziyyata meyli çoxdur. Dilimizi də sevir. Əlaçıdır. Musiqi üzrə də sırf xanəndəlik ixtisasında təhsil alır. Nurayın çox gözəl diksiyası var. Qızım həm də qiraətçidir. Nurayın videosunu sosial şəbəkədə özüm paylaşmışam. Lakin onu deyim ki, övladımızı məşhurlaşdırmaq fikrimiz olmayıb. Ona nə Youtube, nə də TikTok platformasında hesab açmışam. Atası da, mən də tanınmasına meyilli olmamışıq. Məqsədimiz odur ki, övladımız təhsilli musiqiçi olsun”.
Qeyd edək ki, sosial şəbəkədəki ifasından sonra AzTV, İTV kimi televiziyalarımızın qonağı olan Nuray türk kanallarından birində onlayn formada çıxış da edib.
“Mən bu qızımızın səsini dinlədim, çox xoşuma gəldi. Həqiqətən bu, uşaq oxumağı deyil”. Bunu Xalq artisti Mənsum İbrahimov söyləyib.
M.İbrahimovun sözlərinə görə, Nurayın ifa etdiyi mahnı çox çətin, çox hissiyatlı mahnıdır. Amma belə uşaqlar artıq fenomendirlər. Onlar sənət üçün doğulurlar...
M. İbrahimov dərslərin açılmasından sonra Nurayı dəvət edəcəyini də vurğulayıb. Onunla məşğul olacağam, kömək edəcəyəm, söyləyib.
“Şuşanın dağları”, “Könlüm keçir Qarabağdan” və digər müsabiqələrin qalibi olan Nuray Sumqayıtda keçirilən tədbirlərdə də çıxış edir.
Hazırladı: Mina RƏŞİD