23.12.2024, 09:09
AZ EN
11.07.2023, 14:02 271

Ermənilərin Naxçıvanla sərhəddə tikmək istədiyi zavodun zəhəri və zərəri BELƏ HESABLANACAQ

XƏBƏRLƏR
  • Baş prokuror Kamran Əliyev Azərbaycan və Türkiyə prokurorluqlarının dünən Naxçıvanda keçirilən konfransında Ermənistanın Arazdəyəndə metallurgiya zavodu tikməsini “böyük cinayət” adlandırıb. O deyib ki, Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həm də havaya buraxılan zəhərli qaz fauna və floranı məhv edəcək.

Bəs, ermənilərin Naxçıvanla cəmi 800 metr məsafədə tikmək istədiyi zavod nə üçün zəhərli və zərərli hesab olunur?

Ekspertlərin fikrincə, ermənilərin ABŞ sərmayəsi hesabına inşa edəcəyi zavod il ərzində 180 min ton metal məmulatları istehsal oedəcək ki, bölgədə havanın, suyun və torpağın zərərli tullantılarla çirkləndirilməsi baxımından böyük təhlükə yaradır. Bu cür zavodlar bir qayda olaraq əlvan metal filizlərinin (alüminium, mis, qalay, titan, qurğuşun, maqnezium, nikel və s.) çıxarılması və zənginləşdirilməsi, habelə onların ərintilərinin istehsalını həyata keçirir. Belə müəssisələr həm də dəmir filizinin emalı, çuqun, polad və ferroərintilərin istehsalı, həmçinin onların prokatlanması işlərini görür. Hər iki istehsal prosesi mürəkkəb texnoloji proseslərdən, kimyəvi maddələrin tətbiqindən, yüksək temperaturda xəlitə hazırlayan sobaların istifadəsindən, həddindən artıq su istifadəsindən (1 ton xammalın istehsalı üçün  təxminən 150 ton su tələb olunur) ibarət olmaqla ətraf mühitə çoxlu çirkləndirici maddə atılması ilə müşayiət olunur. Bir çox ölkələrin təcrübəsi (Polşa, Ukrayna, Rusiya, Nigeriya və s.) göstərir ki, bu tipli zavodlardan istifadə ətraf mühitə və insan sağlamlığına çoxsaylı zərərlidir.

Aparılan araşdırmalara görə koks-kimyəvi (karbon və kükürd oksidləri, ammonyak, kömür tozu), sinterləmə (dəmir, manqan oksidləri, silisium, dəmir, kükürd, mis hissəcikləri, qurğuşun, titan və s.), yüksək soba (karbon və kükürd oksidləri, hidrogen, azot, müxtəlif metalların oksidləri olan tüstü tozu), ferroərinti (tərkibində metal oksidləri olan zəhərli və toksik olmayan toz), poladqayırma (tərkibində dəmir, manqan, alüminium, xlor, fosfor və s. olan toz) kimi tullantılar yarada bilir.

Ermənistanın Azərbaycanla sərhəddə inşa etməyə hazırlaşdığı zavodun təyinatı və istehsal yönümü açıqlanmaması isə əlavə narahatlıqlar yaradır. Belə ki, elmi araşdırmalara görə  iri metallurgiya sənayesi müəssisələrinin yerləşdiyi ərazilərdə torpağın, suyun və atmosferin çirklənməsi baş verir. İlkin mərhələdə həmin zonaya aid olan torpaq qatı və meşə zonaları məhv ediləcək. Sonradan zavodun istehsal prosesində çoxlu kimyəvi maddələrdən və sudan istifadə etməklə ətraf mühitə əlavə tullantılar buraxılacaq. Küləkdən asılı olaraq ərazilərin metallurgiya müəssisələrinin fəaliyyətindən çirklənməsi 20 km-dən 50 km-ə qədər uzanır və üstəlik, hər kvadratmetrə 5-15 kq toz düşür. Belə olan halda həmin müəssisələrin ətrafında torpaqda, suda, bitkilərdə zərərli maddələrin olduğu texnogen zonalar formalaşır.

 

Metallurgiya sənayesi sudan böyük miqdarda istifadə edir və ən çox su əlvan metallurgiyada istifadə edilir. Belə ki, bir ton nikel əldə etmək üçün 4000 kubmetr su tələb edilir. Suyun çox hissəsi soyutma üçün istifadə olunur. Çuqun istehsalında bu, 75 faiz təşkil edir. Texnoloji prosesdən keçən su torpağı və su mənbələrini duz məhlulları, metal tullantıları, bərk mineral maddələrlə çirkləndirilir. Metalların flotasiyası zamanı neft məhsulları, sionid turşularından müxtəlif reagentlərdən istifadə olunur. Bu zaman ətraf mühitə ağır metal ionları (mis, manqan, sink, qurğuşun və s.), arsen, flüor xloridlər, civə, sulfatlar kimi zəhərli birləşmələr atılır. Həmçinin metallurgiya müəssisələri suyun turşuluğunun və istilik çirklənməsinin artmasına gətirib çıxarır.

Ekspertlər bütün bunları nəzərə alaraq Naxçıvanla sərhəddin 800 metrliyində tikiləcək metallurgiya zavodunun bölgədəki ekosistemə böyük zərbə vura biləcəyindən narahatdır. Tullantılar Araz çayına axıdılacağı təqdirdə (bu risk böyükdür – red.) bu, həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün ekoloji fəlakətə səbəb olacaq. Elə buna görə də ekspertlər bölgənin ekosistemini zəhərləyəcək bu zavodun inşasının dayandırılmasının həyati əhəmiyyət daşıdığına əmindirlər.

Xatırladaq ki, bu zavodun tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Espo Konvensiyanın da tələblərinə ziddir. Belə ki, həmin Konvensiyaya görə, bu beynəlxalq öhdəliyin tərəfləri, yəni indiki halda Ermənistan zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları ilə birgə baxmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədini qarşılıqlı şəkildə razılaşdırmalı, bölgəyə yaxın yaşayan əhalinin rəyini nəzərə almalıdır. Ancaq Ermənistan bu tələblərin heç birini nəzərə almadan zəhərli kimyəvi tullantıları ilə bölgədəki ekosistemə böyük zərbə vura biləcək zavodun inşasına başlaması Baş prokurorun dediyi kimi, böyük cinayət sayılır.

Elxan SALAHOV

Oxşar xəbərlər