09.06.2025, 07:08
AZ EN
10.07.2023, 09:06 340

Bu gün Samir Abbasovun doğum günüdür

XƏBƏRLƏR
  • 44 günlük Vətən müharibəsi qəhrəmanlarından biri də Samir Azər oğlu Abbasovdur. O, 1997-ci il iyulun 10-da Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olub. O, 2002-ci ildə Neftçala rayonu Xol Qaraqaşlı kəndində Qismət Nuralıyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2014-cü ildə həmin məktəbi bitirib.   

Samir Abbasov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlayıb. 2018-ci ildə Binəqədi rayon peşə liseyinə daxil olub və aşbazlıq ixtisasına yiyələnib.  

Azərbaycan Ordusunun əsgəri Samir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib. O, Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Samir Abbasov 2020-ci il noyabrın 7-də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz noyabrın 23-də doğma Neftçala rayonunda, doğulduğu  kənddə torpağa tapşırılıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən şəhid Abbasov Samir Azər oğlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycanın Zəfər tarixinə qanıyla öz imzasını əbədi olaraq həkk edən Vətənin qəhrəman oğlu Samir Abbasovun bu gün doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər