01.08.2025, 17:06
AZ EN
10.02.2025, 09:50 323

Anasını çox istəyən Vətəni də çox sevər...

XƏBƏRLƏR
  • Anası deyir ki, Mikayılın necə qoçaq oğul olduğunu bütün el-oba, hamı yaxşı bilir. Bizə nə qədər çətin olsa da övladımızın Vətən uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhadətə ucalması həm də qürur hissi yaşadır. Düşünürəm ki, anasını çox istəyən oğul Vətənini də çox sevər və uğrunda şəhidlərimiz kimi canından keçər...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Mikayıl Vəkil oğlu İsgəndərovun doğum günüdür. O, 10 fevral 1997-ci ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub. 2003-cü ildə Göygöl rayon E.Bayramov adına Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib. Mikayıl 2015-ci ilin aprel ayından 2016-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2020-ci ildən “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət etməyə başlamışdı.

Azərbaycan Ordusunun əsgəri olan Mikayıl İsgəndərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.

Mikayıl İsgəndərov 2 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas xəttində bir çox hərbi qulluqçularla birlikdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mikayıl İsgəndərov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər