09.06.2025, 16:18
AZ EN
04.10.2024, 09:45 335

Bu gün şəhid, baş gizir Vüsal İsmayılovun anım günüdür

XƏBƏRLƏR
  • Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, baş gizir Vüsal Nəbi oğlu İsmayılovun anım günüdür. O, 1980-cı il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub. 1986-1997-ci illərdə Y. Şəfiyev adına Xalxal kənd tam orta məktəbində təhsil alıb. Vüsal1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildən isə "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Vətənə xidmətə başlayıb. Xidməti ərzində Piyadanın Döyüş Maşınında (PDM) Maşın Komandiri vəzifəsində xidmət edib və 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə savaşıb.

Vüsal İsmayılov "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, “Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun baş giziri olan Vüsal İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb.

Vüsal İsmayılov oktyabrın 4-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz böyük izdihamla Oğuz rayonunun Xalxal kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal İsmayılov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, Vüsal İsmayılov ailəli idi, onun bir qız, iki oğul balası Vətənə yadigar qalıb. Şəhidimizin azyaşlı qızı atası ilə qürur duyduğunu deyir və atasına həsr edilmiş şeiri ürəkdən söyləyir: 

Rahat yat, şəhid atam,

Qanın yerdə qaımadı!

Üçrəngli bayrağımız

Şuşada dalğalandı!

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər