01.08.2025, 19:51
AZ EN
19.05.2025, 09:23 341

Ömrümü onun ruhuna bağışlayıram...

XƏBƏRLƏR
  • Elmir Füzulinin Horadiz şəhərində doğulub. Onun cəmi iki yaşı olanda ailəsi doğma el-obasından didərgin düşüb. Elmir İmişlidə çadır şəhərciyində məktəbə gedib, daha sonra köçkünlər üçün tikilmiş qəsəbəyə köçüblər. Bütün bunlar uşaqlıqdan Elmirin yaddaşında iz salıb və onun ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması olub. Buna görə də, hərbçi olmaq qərarına gəlib. Elmir Vətən müharibəsində sonadək vuruşub. Ancaq anasına söz verdiyi kimi, onu doğma Horadizə apara bilməyib. Həyat yoldaşı deyir ki, Elmir ömrünü torpağa bağışladı, mən də ömrümü onun ruhuna bağışlayıram...

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Elmir Rasim oğlu Ağayevin doğum günüdür. O, 19 may 1991-ci ildə Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Elmir Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi zaman ailəsi ilə birlikdə məcburi köçkün kimi İmişli rayonunda çadır şəhərciyində məskunlaşıb. Daha sonra valideynləri ilə birlikdə 2004-cü ildə Füzuli rayonunda məcburi köçkünlər üçün tikilmiş 6 saylı Qayıdış qəsəbəsinə köçüb. Hələ kiçik yaşlarından ata-baba yurdunun həsrətini çəkən Elmir gələcəkdə hərbçi olmağa qərar verib. 2009-cu ildə həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan E.Ağayev xidmətini uğurla başa vurub. Bir müddət mülki işdə çalışsa da, 2016-cı ildə Aprel döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına qayıdıb.

2020-ci ildə Vətən müharibəsi başlayan zaman Elmir Füzulinin, Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, öz taqımı ilə birlikdə işğal altında olan torpaqlarımızın azad olunmasında, ön cəbhənin yarılmasında xüsusilə fərqlənib. İgid Vətən oğlu Azərbaycanın 44 günlük haqq savaşında sonadək vuruşub.

Elmir Ağayev noyabrın 24-də Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz dogma Füzuli rayonunun Horadiz şəhər qəbiristanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Elmir Ağayev döyüşlərdə göstərdiyi şücaətə görə “Xocəvəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz ailəli idi, onun Ömər adlı bir övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər