09.06.2025, 16:15
AZ EN
06.07.2023, 09:04 411

Vətən candan şirindir

XƏBƏRLƏR
  • Bu gün Vətən müharibəsi qəhrəmanlarından olan İxtiyar İlqar oğlu Əliyevin doğum günüdür. O, 1994-cü il iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində sadə bir ailədə dünyaya gəlib. Ailədə 3 uşaq, 3 qardaş olublar. İxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Elə bundan sonra da həyatını Vətənin keşiyində dayanmaq üçün bu sahəyə bağlayıb. İxtiyar Aprel döyüşlərinin də fəal iştirakçılarından olub. Ailəli idi. Qardaşı Əliyev Bəxtiyar İlqar oğlu Vətən müharibəsi qazisidir.

Azərbaycan Ordusunun giziri İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

İxtiyar Əliyev oktyabrın 6-da Ağdərə istiqamətində "951" zirvəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb. Uzun müddət onun nəşi tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşinin tapılması üçün zəruri tədbirlər görülüb. İtkin düşməsindən düz 1 il sonra, 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, şəhidimizin nəşi tapılaraq şəxsiyyəti müəyyən edilib.

Şəhidimiz böyük izdiham və ehtiramla 2021 -ci il oktyabrın 14-də doğma Goranboy rayonunun Goranlı kəndində torpağa tapşırılıb.

Müzəffər Ali Baş Konandan İlham Əliyevin sərəncamları ilə İxtiyar Əliyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Atası İlqar Əliyev oğlu ilə sonuncu dəfə 2020-ci il oktyabrın 4-də görüşüb. Belə ki, oktyabrın 3-də ağır döyüşlərin birində yaralanan İxtiyar xəstəxanada həkimlərə burada bir gün belə qala bilməyəcəyini söyləyərək yenidən döyüşə yollanıb. İxtiyar atasına “mən hərbçi yoldaşlarımın yanına qayıtmalıyam, Vətən candan şirindir”, - deyib.

Vətəni canından çox sevən və bunu öz qanıyla Zəfər tarixinə adını həkk etməklə sübuta yetirən gizir İxtiyar Əliyevlə bu gün təkcə doğmaları deyil, bütün Azərbaycan qürur duyur.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər