23.12.2024, 17:23
AZ EN
25.06.2023, 20:01 208

Ceyhun Kərimov: “Qarabağa qayıdan əhaliyə peşə təlimləri keçiriləcək”

XƏBƏRLƏR

Məcburi köçkünlər yurd-yuvalarına qayıtmadan əvvəl peşə təlimlərinə cəlb olunacaqlar. Məqsəd isə işlə təmin olunma zamanı onların nəzəri və praktiki cəhətdən çətinlik çəkməməsinə görədir. Bu ilin sentyabrından etibarən 5000-ə yaxın sakin qısa müddətli, 1000 sakin isə ixtisasartırma təlimlərinə cəlb olunacaq. Əsas təlimlər kənd təsərrüfatı, turizm, logistika və informasiya teknologiyaları sahələrində olacaq. İşğaldan azad olunan Füzuli rayonunda ilk peşə məktəbinin təməli qoyulacaq. 2026-cı ilə qədər isə Qarabağ və Şərqi Zəngəzurda  8 peşə təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır. Burada tədris olunacaq ixtisaslarla bağlı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərimov bununla bağlı İTV-yə açıqlamasında məlumat verib, O, bildirib ki, istənilən şəhərdə, istənilən kənddə tələb olunan ənənəvi peşələr var ki, bunlar artıq Qarabağda tədris ediləcək: “Bu çilingər, santexnik, dərzi, aşbaz və digər ixtisaslardır ki, bunları ənənəvi peşələr kimi tanıyırıq. Amma eyni zamanda Qarabağın yeni qurulacaq iqtisadiyyatına uyğun olaraq bir çox yeni sahələr də olacaq. Bilirik ki, Qarabağ yaşıl enerji zonasına çevriləcəkdir və bununla bağlı olaraq artıq  külək, həm də günəş enerjisi üzrə qurğuların qurulması istismarı üzrə mütəxəssislərin hazırlanmasını planlaşdırırıq. Eyni zamanda Qarabağda  turizm istiqamətində böyük işlər planlaşdırırıq. Turizm istiqamətində ixtisaslar təqdim etməyi və eyni zamanda logistika,  kənd təsərrüfatı”.

Qarabağın smart texnologiyaları əsasında qurulması yeni peşələrə tələbi artırır. Buna görə də peşə təhsilinə innovativ yanaşmalar şərtdir: “Kənd təsərrüfatı üzrə ixtisaslardan danışırıqsa, burada ənənəvi kənd təsərrüfatı ixtisasları ilə yanaşı,  dronların geniş tətbiqi, yeni suvarma sistemlərinin tətbiqini aşılayan tədris proqramları və digər məsələlər əhatə olunacaq. Eyni zamanda dəmir yolu, həm avtomobil nəqliyyatı, həm də aviasiya nəqliyyatı üzrə bir çox ixtisasların orada tədrisini planlaşdırırıq”.

Qeyd edək ki, peşə təhsili sahəsində bir çox struktur islhatlar həyata keçirildiyindən Qarabağda peşə təhsilli mərkəzlər formatında müəssisələrin yaradılması planlaşdırılır. Peşə təhsilli kadrların hazırlanması azad olunan ərazilərdə məşğulluğun təmin olunmasına və iqtisadi artıma mühüm töhfə verəcək.  

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər