Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.
O qeyd edib ki, Vətən müharibəsi zamanı 43 tibb müəssisəsi “Təxliyə xəstəxanası” adlanaraq xidmət üçün ayrılıb. Burada fəaliyyət göstərmək üçün 720 tibb işçisini əhatə edən komplektləşdirilmiş briqadalar cəbhə bölgəsinə cəlb edilib.
Aparılan hərbi əməliyyatlar nəticəsində müvəqqəti yaşayış yerlərini tərk etmiş mülki əhalinin sığınacaqlarda mütəmadi müayinəsi təşkil olunub. Yüksək ixtisaslı personal tərəfindən mürəkkəb rekonstruktiv əməliyyatlar həyata keçirilib. Görülən tədbirlər sayəsində yaralıların bərpa müddətinin qısa və əlillik faizinin aşağı olmasına müvəffəq olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbçilərə, şəhid ailələrinə və terrordan əziyyət çəkmiş əhaliyə göstərilmiş psixoloji dəstək xidmətləri də yüksək səviyyədə həyata keçirilib: “İkinci Qarabağ müharibəsi dövründə TƏBİB psixoloji yardım könüllü qrupunun psixoloq və psixiatr heyəti Gəncə və Şirvan şəhərləri, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Füzuli, Göygöl, İsmayıllı, Kürdəmir, Göyçay, Qəbələ, Neftçala, Saatlı, Salyan, Ucar, Zərdab rayon xəstəxanalarında 3 min 316 hərbçi üçün ilkin psixoloji yardım göstərib, 1 385 hərbçi üçün psixiatrik müayinə aparıb.
Gəncə şəhəri, Bərdə və Tovuz regionları üzrə 610 nəfər terrordan əziyyət çəkən əhaliyə bilavasitə ilkin psixoloji yardım, 143 nəfərə isə onlayn psixoloji yardım göstərilib. Regionlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak edən hərbçilər və şəhid ailələri üçün psixoloji dəstək mərkəzləri yaradılıb.
Hazırda TƏBİB işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağımızda digər həyati vacib sahələr kimi tibb xidmətlərin təşkilini təmin edir.
Şuşa modul tipli xəstəxana, Zəngilanın Ağalı kəndində, Cəbrayıl, Laçın, Hadrutda ailə sağlamlıq mərkəzində tibbi xidmət yüksək səviyyədə qurulub və hər birində vətəndaşlara icbari tibbi sığorta çərçivəsində xidmət göstərilir”, - deyə V.Qurbanov qeyd edib. (AZƏRTAC)