18.05.2024, 11:40
AZ EN
10.06.2023, 07:25 169

Hərbi şərhçi: Qanunsuz erməni silahlı dəstələrinin Qarabağda mühəndis-istehkam işlərini görməsi olduqca təhlükəlidir

XƏBƏRLƏR

Son günlər Qarabağ ərazisindəki qanunsuz erməni hərbi birləşmələri və qarşı tərəfin silahlı qüvvələri Ermənistan-Azərbaycan şərti dövlət sərhədində davamlı olaraq mövqelərimizi atəşə tuturlar. Eyni zamanda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında da qanunsuz erməni silahlı dəstələri hərbi təxribatlar törədirlər. Bundan başqa, Ağdam rayonu istiqamətində və Xocalı rayonu ərazisində mühəndis-istehkam işlərini görməyə çalışırlar. Ümumiyyətlə şərti sərhəddə atəşkəsin pozulması faktları Vətən müharibəsindən sonra dəfələrlə olub. Amma qanunsuz erməni silahlı dəstələrinin Qarabağ ərazisində mühəndis-istehkam işlərini icra etməsi və səngər qazması olduqca ciddi siqnaldır və təhlükəlidir. Çünki artıq bir neçə dəfə ermənilər bu ərazidə təmas xətti yaratmağa, müdafiə xəttini formalaşdırmağa, istehkam qurmağa cəhd ediblər. Azərbaycan Ordusu bütün bu səylərin qarşısını qətiyyətlə alıb. Əgər proses belə davam edərsə, bir gün bu eskalasiya şəraitinə, yəni münaqişə ocağına çevrilə bilər. Bu da Qarabağda hərbi əməliyyatların yenidən alovlanması ilə nəticələnə bilər. Hesab edirəm ki, Qarabağdakı Rusiya sülhməramlıları kontingentinin komandanlığı və Rusiya Müdafiə Nazirliyi bu məsələyə açıq və konkret münasibət bildirməlidir.

Məsələ ilə bağlı açıqlama verən Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli həmçinin deyib ki, Ermənistan rəhbərliyi, bununla yanaşı münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən Qərb, Avropa İttifaqı bu gərgin vəziyyətlə bağlı mövqelərini açıq şəkildə göstərməlidirlər. Heç bir halda erməni silahlı birləşmələri Qarabağ ərazisində mühəndis-istehkam işləri həyata keçirə, səngər qaza, istehkam qura bilməzlər. Bu, təmas xəttinin yenidən yaradılması deməkdir. Eləcə də yenidən Azərbaycan Ordusunu hərbi əməliyyatlar keçirilməyə təşviq və məcbur etməkdir.

“Xatırladım ki, Vətən müharibəsi nəticəsində ermənilərin bütün müdafiə xətti sıradan çıxarılmışdır və təmas xətti artıq mövcud deyil.

Yenidən təmas xəttini formalaşdırmaq cəhdi 2020-ci il 10 noyabr üçtərəfli birgə Bəyanata zidd addımdır. Çünki Bəyanatın 4-cü bəndində Rusiya sülhməramlıları gələn kimi erməni silahlı birləşmələrinin Qarabağı tərk etməsi nəzərdə tutulurdu. Bu baxımdan Ermənistanın ümumqoşun ordusunun orada qalması Bəyanatın müddəalarının pozulmasıdır. Həmçinin separatçı ermənilərə tabe olan erməni silahlı birləşmələrinin hələ də tərksilah olunmaması, ümumiyyətlə orada mövcudluğu qanunsuzdur”, - deyə Ramil Məmmədli vurğulayıb.

Qarabağdakı strateji məntəqələr və yüksəkliklər Ordumuzun nəzarəti altındadır

Onun sözlərinə görə, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində diplomatik fəallıq xeyli dərəcədə artıb. Həmçinin sülh sazişi üzrə müzakirələri davam edir. Bütün bunlar onu göstərir ki, beynəlxalq birlik Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır. Lakin hər dəfə erməni tərəfi hərbi təxribatlar törətməklə qeyri-konstruktiv mövqe nümayiş etdirir. Diplomatik danışıqlar ərəfəsində və sonralar ermənilər bu ənənələrinə sadiq qaldılar. Odur ki, həm Rusiya, həm də Avropa İttifaqı bununla bağlı konkret mövqeyini nümayiş etdirməli və Azərbaycanın Qarabağda bu əraziyə tamamilə nəzarət etmə imkanlarını reallaşdırmasına imkan yaratmalıdır.

Əks təqdirdə, yəni proses belə davam edərsə, vəziyyətin gərginləşməsi qacınılmaz haldır. Bu, Ermənistanın xeyrinə deyil. Çünki Qarabağın dağlıq və mərkəzi hissəsindəki strateji məntəqələr, mühüm yüksəkliklər, həmçinin Şuşa şəhəri məhz Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordumuz həmin yüksəkliklərdən erməni silahlı dəstlərinin dislokasiya yerlərini, hərəkətlərini və bütün prosesləri həm vizual, həm də müxtəlif avadanlıqlar vasitəsilə nəzarət edə bilir. Bu baxımdan Ermənistanın belə zidd addımlar atması və beynəlxalq təşkilatların da bu şərti sərhəddə gedən proseslərə biganə yanaşması sonda regionda hərbi əməliyyatların yenidən alovlanmasına gətirib çıxara bilər.

Mərkəzin rəhbəri qeyd edib ki, bölmələrimizin apardığı ilk antiterror əməliyyatlarından birini məhz Vətən müharibəsindən bir neçə gün sonra Hadrut istiqamətində oldu. Orada Ermənistandan gələn və Azərbaycan Ordusunun dislokasiya olunduğu yerə göndərilən silahlı dəstələr vardı. Onlar tərksilah olundu, tutuldu və hazırda Azərbaycanda həbsxanada cəzalarını çəkirlər. Vəziyyəti gərginləşdirməyə çalışan erməni terrorçuların qarşısını almaq üçün ordumuz bəzən kiçik antiterror əməliyyatları aparır. Ancaq əgər törədilən bu təxribatlar davam edərsə, o halda Ermənistan ordusunun bölmələrinin mühəndis-istehkam işlərini, səngər qazıntılarını dayandırmaq üçün silahlı qüvvələrimiz daha geniş və irimiqyaslı antiterror əməliyyatları da həyata keçirilə bilər. (AZƏRTAC)

Oxşar xəbərlər