21.06.2025, 20:18
AZ EN
06.06.2023, 09:03 288

Komandirini xilas edərkən şəhid olan qəhrəman

XƏBƏRLƏR
  • 44 günlük Vətən Müharibəsində işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edərək bizə böyük Zəfəri bəxş edən oğullardan biri də şəhid əsgər Şahı Elman oğlu Məmmədlidir. O, 1995-ci il iyunun 6-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra kollecdə turizm sahəsi üzrə təhsil alıb. 2013-ci ildə həqiqi hərbi xidmətə yollanan Ş.Məmmədli xidməti dövründə fəallığı və cəsurluğu ilə seçilib. 2015-cü ildə xidmətini başa vurub. Sonra bir müddət Rusiyada yaşayıb və orada işləyib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə könüllü  yollanan Ş. Məmmədli döyüşə yollananda onun 22 günlük oğlu vardı. Mərd döyüşçü Tərtər, Suqovuşan, Talış, Ağdərə uğrunda vuruşub. Qanlı döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş zamanı 16 yaralı döyüş yoldaşının həyatını xilas edib. Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ailəsi düz 44 gün ondan xəbər tuta bilməyib. Əvvəl onun girov düşdüyünü zənn etsələr də, sonradan şəhid olması barədə məlumat alıblar.

Ordumuzun qəhrəman əsgəri Şahı Məmmədli dekabrın 1-də doğulduğu kənddə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Şahı Məmmədli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin atası övladından qürurla danışır. Deyir ki, oğlum yaralı komandirini xilas etməyə çalışarkən şəhadətə ucalıb…

Bu gün Azərbaycanın qəhrəman oğlu Şahı Məmmədlinin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər