09.06.2025, 22:00
AZ EN
19.05.2023, 18:34 258

Qarabağ və Şərqi Zəngəzura köçəcək vətəndaşlar üçün peşə hazırlığı kursları keçiriləcək

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun təmin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, Prezident Administrasiyası tabeliyində xüsusi işçi qrupu yaradılıb. Həmin işçi qrupunda bu məsələlər müzakirə olunur. Qarabağ və Şərqi Zəngəzura köçəcək vətəndaşların məşğulluğunun təmin olunması üçün ilk növbədə, onların peşə hazırlığının həyata keçirilməsi vacib məsələ kimi ortaya qoyulub. Burada biz əhalinin bilik və bacarıqlarının artırılması üçün orada fəaliyyət göstərəcək investor və sahibkarlara daha yaxşı mütəxəssislərin təqdim olunması üçün peşə hazırlığı kursları keçirəcəyik.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev jurnalistlərə açıqlamasında deyib.

C.Quliyev həmin ərazilərdə vətəndaşların daha çox hansı işlərlə təmin olunacağı barədə məlumat verib: “Şuşa şəhərində xüsusilə xidmət, turizm sektorları ön plana çəkilib. Orada otelçilik üzrə mütəxəssislərin, turizm üzrə bələdçilərin hazırlanması həyata keçiriləcək. Həmin bələdçilər Şuşaya gələnlərin müvafiq ərazilərə aparılması, onlara məlumatların verilməsini həyata keçirəcəklər. Azad edilmiş ərazilərdə sənaye sahələri çox inkişaf etdiriləcək. Məlum olduğu kimi, Prezident İlham Əliyev görüşlərində xarici investorları azad edilmiş ərazilərə dəvət edir və investisiya qoyulmasına təşviq edir. Biz də çalışacağıq ki, azad edilmiş ərazilərdə məskunlaşacaq vətəndaşları sənaye sahələrinin vakansiyalarına uyğun hazırlayaq və investorlara, sahibkarlara, işəgötürənlərə təqdim edək”.

Sədr müavininin sözlərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə bütün Şuşa sakinlərinin siyahısı hazırlanıb və siyahı üzərində iş gedir. Köçə hazır olan vətəndaşlarla iş aparılır.

“Həmin ərazilərdə özəl sektorla yanaşı, dövlət sektoru üzrə də işlər olacaq. Məktəblər, bağçalar, səhiyyə ocaqları və digər ictimai qurumlara da işçilərin təqdim olunması üçün “Məşğulluq haqqında” Qanuna və Dövlət Məşğulluq Agentliyinin hazırladığı İnkişaf Konsepsiyasına uyğun olaraq onların məşğulluq imkanlarının qiymətləndirilməsi yolu ilə fərdi məşğulluq proqramları hazırlanacaq. Həmin vətəndaşlarla aktiv məşğulluq proqramları ardıcıl olaraq həyata keçiriləcək", - deyə C.Quliyev bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər