31.05.2025, 02:35
AZ EN
29.05.2025, 09:31 323

Əmirağa hərbçi olmaq istəyirdi...

XƏBƏRLƏR
  • Əmirağa iki bacının bir qardaşı idi. Ata babasının adını daşıyırdı. Zəhmətkeş, ağıllı bir gənc idi, atası deyir ki, o mənim həm də, dostumdu. Hərbçi olmaq istəyirdi. Müharibə başlayanda Əmirağa üç ayın əsgəri idi. Anası yuxuda görür ki, oğlu bir qayanın üzərində oturub, deyir yatmaq istəyirəm. Əmirağa torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə Füzulinin kəndində şəhadətə ucalır, amma onun nəşi uzun müddət tapılmır. Nəhayət, 2021-ci ildə fevralın 10-da şəhidimizin mübarək nəşi tapılaraq doğma kəndlərində torpağa tapşırılır...

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Əmirağa Mahir oğlu Ağayevin doğum günüdür. O, 29 may 2002-ci ildə Şabran rayonunun Surra kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhadətə ucalıb.

Uzun müddət itkin kimi axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.   

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əmirağa Ağayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Əmirağa balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər