Bu sözləri “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı deyib.
“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmisinin 2023-cü il fevralın 28-də açıqlamasına görə 2020-ci il noyabrın 10-dan bu günədək 282 nəfər minaların qurbanı olub. Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub. Minalardan istifadə beynəlxalq humanitar hüququn, o cümlədən mülki şəxslərə lazımsız zərər vura biləcək silahların istifadəsini qadağan edən Cenevrə konvensiyalarının pozulmasıdır. Lakin Ermənistan beynəlxalq hüququ tanımır. Bu ölkə BMT tərəfindən Azərbaycan Respublikasının əraziləri kimi tanınan torpaqlara 30 ildən artıq işğalçı, təcavüzkar şəkildə yiyələnməyə çalışıb. Bu illər ərzində Azərbaycan dövləti tərəfindən ona uzadılan sülh əlini hər dəfə müxtəlif bəhanələrlə geri qaytarıb. Nəhayət Vətən müharibəsində bu işğala son qoyulsa da, onların Qarabağda basdırdığı “səssiz qatillər” hələ də can almaqda, mülkiləri öldürməkdə, əmlaklarına ziyan vurmaqda davam edir.
ANAMA-nın məlumatına görə, 2020-ci ilin noyabrında münaqişə başa çatdıqdan sonra 149 kvadrat kilometrdən çox ərazi təmizlənib, 37 mindən çox partlamamış hərbi sursat və 1500 mina zərərsizləşdirilib. Bununla belə, daha çox iş görülməlidir, çünki regionda hələ də 100 minlərlə partlamamış hərbi sursat və mina olduğu təxmin edilir”, - deyə Ş.Rəhmanlı bildirib.
Minatəmizləmə səylərində ən böyük problemlərdən biri minadan zərər çəkmiş ərazilərin dəqiq və hərtərəfli xəritələrinin olmamasıdır. Ermənistan Qarabağda yerləşdirdiyi minaların xəritələrini təqdim etməyib. Bu da təmizləmə işlərinə mane olur və mülki əhalinin həyatını riskə atır. Minalar beynəlxalq humanitar hüququn pozulmasıdır, çünki mülki şəxslərə ayrı-seçkilik etmədən zərər vurur və münaqişədən sonra yenidənqurma səylərinə mane olur.
“Bütün bunları nəzərə alaraq biz istərdik ki, beynəlxalq ictimaiyyət bizim narahatlığımızı və məsələnin ciddiliyini başa düşsün, lazımi tədbirlərin görülməsi üçün hərəkətə keçsin. Beynəlxalq ictimaiyyət, həmçinin minalardan təmizləmə səylərini dəstəkləməli və minadan xilas olmuş şəxslərə və onların icmalarına yardım göstərməlidir. “Piyada əleyhinə minaların istifadəsinin, ehtiyatının yığılmasının, istehsalının və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında” Konvensiya, digər adı ilə Ottava Müqaviləsi 164 dövlət tərəfindən ratifikasiya olunub və beynəlxalq ictimaiyyətin problemin həlli üçün birgə işləməsi üçün çərçivə yaradır. Buna görə də bütün beynəlxalq təşkilatlar mövcud problemin həlli üçün Ermənistanı məsuliyyətə cəlb etməlidirlər və təzyiq göstərməlidirlər”, - deyə İctimai Birliyin sədri qeyd edib. (AZƏRTAC)