22.11.2024, 04:02
AZ EN
19.04.2023, 16:48 216

Bu gün tarix elmləri doktoru Kamran Hüseynovun anım günüdür

XƏBƏRLƏR
  • Kamran Hüseynov respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində səmərəli fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermişdir.

Kamran Hüseynov 1913-cü il dekabrın 15-də Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur.

"Zəngəzur" Cəmiyyəti İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, yazıçı Hacı Nərimanoğlu yazır: Ümummili Lider Heydər Əliyev onu "nadir şəxsiyyət" adlandırmışdı.

Bakıya 50 qəpik pul, dörd büküm çörəklə çıxmışdı, Həkəri stansiyasında üç gün vaqonlara yük vurub qazandığı 10 manatın da 5-ini əynindəki pencəyi ilə birlikdə buradan kəndə atasız, əyin-başı yalın qalmış qardaşlarına qaytarıb sonra qatara minmişdi. Neftçi fəhlə işləyərək həm böyük bir külfəti dolandırmış, həm də Neft-Sənaye Univesitetini, Azərbaycan Dövlət Universitetini bitirib ali mühəndis və tarix üzrə təhsili almışdı. O, 20 yaşında Ali Partiya Məktəbinin ən gənc dinləyicisi, müəllim və tələbələrin yekdil rəyi ilə məktəb partiya təşkilatının katibi seçilmişdi. Batalyon komandiri kimi Böyük Vətən müharibəsinin ağrı-acısını yaşayıb, ön cəbhədə Azərbaycan naminə M.C.Bağırovun xüsusi tapşırığını uğurla yerinə yetirib Sumqayıtın inşasına başlayan ilk tikinti trestini təşkil və rəhbərlik edib, 31 yaşından başlayaraq, Bakının ən böyük neft rayonu Binəqədinin, Mingəçevirin, Neftçalanın, Sumqayıtın katibi işləyib, o yaşdan həm də Ali Sovetin ən gənc deputatı seçilmişdi. Onun həyatında xeyli “ilk”lər var: Sumqayıt və Mingəçevir tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı – 1-ci katibi, Azərbaycan Həmkarlar İttifaqı Təşkilatının ilk sədri, Nəriman Nərimanov və Heydər Əliyevdən sonra azərbaycanlılardan Moskvada ən yüksək vəzifəyə – Ümumittifaq Həmkarlar İttifaqının katibi seçilmişdi. Dünyanın 30-dan çox ölkəsində sovet nümayəndə heyətinin rəhbəri, 13 il Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Respublika Ticarət-Sənaye Palatasının sədri, 50 ildən çox Mərkəzi Komitə üzvü, RSFSR və Azərbaycan Ali Sovetlərinin deputatı, Respublika Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvü olmuşdu. Tarix elmləri doktoru, müxtəlif dillərdə çap olunmuş 16 kitabın müəllifidir. Prezident təqaüdçüsü idi.

Prezident Heydər Əliyev onu “Şöhrət” ordeni ilə təltif etmişdi. Bu ordeni ona şəxsən təqdim edərək haqqında ürəkdən gələn, dəyərli sözlər demiş, son kitabının rusca da kütləvi nəşrini tövsiyə etmişdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev də K.Ə.Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 6 avqust tarixli Sərəncamında onun fəaliyyətini yüksək dəyərləndirmişdir.

Kamran Hüseynov Azərbaycanın yetmiş illik kommunist-sovet tarixində yetişmiş partiya, dövlət və ictimai xadimləri arasında təmiz ad-sanla ömür sürmüş, həqiqətən vətənsevər, xalqı üçün çalışan insanlardan biri olub. O, bütün vəzifələrdə yüksək peşəkarlıq, təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdi.

Sumqayıt, Mingəçevir, Neftçala, Naftalan kimi yeni yaşayış məntəqələrinin salınmasında, onların iri yaşayış, sənaye, mədəniyyət, turizm mərkəzlərinə çevrilməsində Kamran Hüseynovun böyük xidmətləri olmuşdu.

O, 2006-cı il aprelin 19-da vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.

Onun ahıl yaşlarında Qubadlı, Çərəli, Hərtiz dağına, uşaqlıq illərinin xatirələrinə həsr etdiyi kövrək həsrətli, həzin duyğulu şeirlər çox təsirlidir. Xeyirxah əməlləri ilə yanaşı, ləyaqətli övladları da Kamran Hüseynovun adını ucaldırlar.

Azərbaycan və rus dillərində də nəşr edilən “Quruculuğa həsr edilmiş ömür” kitabı  avtobioqrafik əsərlər olmaqla yanaşı, həm də respublikamızın böyük bir dövrünün obyektiv canlı tarixidir.

Kamran Hüseynov respublika Nazirlər Sovetinin sədr müavini kimi, hökumətdə təhsil, elm, mədəniyyət sahələrinə rəhbərlik etdiyi 13 ildə ölkə ziyalılarının ən böyük dostlarından olmuşdu. Ona ən böyük dəyəri də təkcə Azərbaycan xalqı, dövləti yox, həm də elə bu işıqlı düşüncəli aydınlar vermişdi. Xalq şairi Bəxtiyar Vahabzadənin Kamran Hüseynov şəxsiyyəti haqqında yazdığı bu fikrinə diqqət yetirmək kifayətdir: “Sən öz ədalətin və həqiqətsevərliyinlə, xeyirxahlığın və alicənablığınla, işlədiyin bölgələrdə qurduğun fabrik və zavodlarla, mədəniyyət sarayları və xəstəxanalarla, məktəb və uşaq bağçaları ilə özünə abidə ucaltmısan. Sənin bu əməllərin dərin hörmətini qazandığın xalqının yaddaşında əbədi yaşayacaq. Çünki sən xalqının böyük oğlu, Vətənin əsl vətəndaşısan”.

Bu da Kamran Hüseynovun həyat, ömür, yaşam fəlsəfəsini ifadə edən öz sözüdür:

“Mən özümü daim balarısı hesab etmişəm. Arı bal verir, ilan ağu. Mənim həyat fəlsəfəm budur”.

2023-cü il Ümummilli Lider Heydər Əliyevin sağlığında “nadir şəxsiyyət” adlandırdığı Kamran Hüseynovun 110 illik yubileyidir. Onun vətənə, xalqa, dövlətə namuslu xidmət nümunəsi olan adı, şərəfli ömür yolu hər zaman  qədirbilən insanların yaddaşında əbədi yaşayacaqdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR