Bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Daşkənddə keçirilən MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XV forumu çərçivəsində “Birlik ölkələrinin mədəni irsi “ adlı panel diskussiya zamanı deyib.
Tarixi şəhərlərin böyüməsi və inkişaf etməsinin mürəkkəb bir problem olduğunu söyləyən G.Məmmədova hesab edir ki, bu məsələdə irsin qorunması ilə müasir inkişaf bir təzad təşkil edir: “Hər bir şəhər bu təzadın aradan qaldırılması üçün ona uyqun və eyni zamanda irsin qurunmasına yönəlmiş hərəkətləri, tədbirləri, siyasəti özü müəyyənləşdirir və həyata keçirir”.
G.Məmmədova forum iştirakçılarına Azərbaycan ərazilərinin 28 illik işğaldan azad olunduğunu xatırladaraq deyib: “Son zamanlar Azərbaycan xalqı abidələrlə bağlı, memarlıq irsi ilə bağlı çox böyük təhlükənin, fəlakətin şahidi oldu. Biz Qarabağ münaqişəsi nəticəsində memarlıq irsinə vurulan dəhşətli ziyanın şahidi olduq. 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımızın azad edilməsi bu fəlakətin miqyasını bizə çox böyük reallıqla əks etdirdi. Biz anladıq ki, irsimizin əhəmiyyətli bir hissəsini, demək olar ki, itirmişik. Hazırda Qarabağda böyük bərpa prosesi gedir, çox intensiv aparılan yenidənqurma işləri aparılır. Şuşada, Ağdamda abidələrimiz artıq bərpa olunur. Bu çox sevindirici haldır. Lakin abidələrə dəyən böyük ziyanın bir hissəsini, yagin ki, biz aradan qaldıra bilməyəcəyik. Çünki tamamilə dağılan abidələrimiz, tamamilə yerlə yeksan olunan kəndlərimiz, şəhərlərimiz var. Biz, əlbəttə, bunların yerinə yeni şəhərlər və kəndlər tikəcəyik, lakin onlar artıq yeni şəhər və kəndlər olacaq”. (AZƏRTAC)