16.12.2024, 17:48
AZ EN
16.12.2024, 13:50 216

Rüstəm Şahbazov: "İşğaldan azad edilmiş ərazilərdə torpaqlar 2 istiqamətdə idarə ediləcək"

XƏBƏRLƏR
  • Azərbaycanın işğaldan azad edilmiş ərazilərində torpaqların kadastr informasiya sisteminə inteqrasiyası üzrə işlər tamamlanıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu il ərzində torpaqların kateqoriyalara aid edilməsi və uçot sisteminin yaradılması üzrə əsas işlər yekunlaşıb.

“Gələn il bəzi ərazilərdə dürüstləşdirmə işləri həyata keçiriləcək. Digər ərazilərdə bu proses tam başa çatıb. Məskunlaşacaq əhalinin torpaq istifadəçisi kimi müəyyən edilməsi prosesi də tamamlanıb”, - deyə R.Şahbazov bildirib.

O əlavə edib ki, Prezidentin müvafiq sərəncamına əsasən, kənd təsərrüfatı torpaqlarının idarə edilməsi və bölgüsü Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilib. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdə torpaq istifadəçilərinin müəyyənləşdirilməsi və torpaq ehtiyatlarının səmərəli istifadəsi məqsədilə xüsusi işçi qrupu yaradılıb.

R.Şahbazov vurğulayıb ki, torpaq idarəçiliyinə dair yeni yanaşmalar ölkə Prezidentinin 27 noyabr tarixində imzaladığı fərmanla təsdiqlənib. Bu fərmana əsasən, torpaqlar iki istiqamətdə idarə ediləcək: məskunlaşacaq əhali üçün - onlara ən azı 5 hektar sahələr güzəştli şərtlərlə təqdim ediləcək, investisiya məqsədləri üçün - infrastruktur təmin edildikdən sonra torpaqlar investisiya müsabiqələri əsasında icarəyə veriləcək.

"Nazirlər Kabinetinə məskunlaşacaq əhali üçün torpaq istifadəsi qaydalarını təsdiqləmək göstərişi verilib. Torpaqların icarəyə verilməsi prosesi xüsusi komissiya tərəfindən həyata keçiriləcək. Bu komissiyada Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri də təmsil olunacaq", - Dövlət Xidmətinin rəis müavini deyib.

R. Şahbazov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə əsas məqsəd torpaqların parçalanmasının qarşısını almaq və dayanıqlı kənd təsərrüfatı infrastrukturunu təmin etməkdir: “Planlı və sistemli yanaşma vasitəsilə torpaqların səmərəli istifadəsi təmin olunacaq, məskunlaşacaq əhali üçün uzunmüddətli kənd təsərrüfatı imkanları yaradılacaq”. (Report)

Oxşar xəbərlər