21.11.2024, 21:55
AZ EN
28.08.2024, 12:20 246

Kəlbəcərdə yerləşən təzahür sahəsində buruqqazma işlərinə başlanılıb

XƏBƏRLƏR
  • “AzerGold” QSC Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən “Tutxun” qızıl təzahürü sahəsində geoloji tədqiqatların ikinci mərhələsi – İlkin kəşfiyyat işlərinin icrasına başlayıb.

Bu barədə “AzerGold”dan məlumat verilib.

Bildirilib ki, Səhmdar Cəmiyyət ümumi sahəsi 27 360 hektar olan təzahür sahəsində mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 5 703 hektar ərazidə tədqiqatların 1-ci mərhələsini – Axtarış-qiymətləndirmə işlərini yekunlaşdıraraq, növbəti mərhələ üzrə fəaliyyətə keçid edib. Tədqiqatların 2-ci mərhələsində ərazidə buruqqazma işləri həyata keçirilir. Daha sonra filizlərin həcmi ilkin olaraq müəyyən ediləcək, metalın filizdən çıxım miqdarını müəyyən etmək üçün metallurji tədqiqatlar aparılacaq. Paralel olaraq “Tutxun” təzahür sahəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir, ərazilər təmizləndikcə QSC tərəfindən mərhələli şəkildə geoloji tədqiqatlar həyata keçirilir.

Həmçinin “AzerGold” torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1 624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk çəkilişləri həyata keçirilib. Nəticədə, böyük vaxt və vəsait tələb edən buruqqazma işlərinə qənaət edilib, tədqiqatların daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar daxilində aparılmasına zəmin yaradılıb.

Xatırladaq ki, “Tutxun” sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis minerallaşmasının olduğu proqnozlaşdırılır. (Report)

Oxşar xəbərlər