Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Rəsmi Bakı bu yöndə 2018-ci ildən genişmiqyaslı layihələrin həyata keçirilməsinə başlayıb.
"Hökumət 2009-2018-ci illərdə alternativ enerji mənbələrindən istehsal edilən kiçik elektrik həcmli layihələri reallaşdırırdı. 2018-ci ildən sonra isə istiqaməti dəyişərək iri "yaşıl" elektrik stansiyalarının reallaşdırılması siyasətini də ortaya qoydu. Biz artıq oktyabrda "Masdar"ın 230 MVt gücündə olan günəş elektrik stansiyasının istismara verilməsinin şahidi olduq. Növbədə ACWA Power-in 240 MVt-lıq külək elektrik stansiyası olacaq. Bu iki stansiyasının istifadəyə verilməsi ilə Azərbaycanda “yaşıl enerji”dən alınan elektrik enerjisinin həcmləri ilk dəfə 1 mlrd kVt/saatı ötəcək", - deyə ekspert əlavə edib.
O qeyd edib ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” potensialından istifadə hesabına bu həcmləri bir neçə dəfə artırmaq mümkün olacaq:
"Energetika Nazirliyi yaxın 4 ildə 1880 MVt gücündə "yaşıl enerji"nin istismara verilməsini planlaşdırır. Yəni, 2023-cü illə müqayisədə yaşıl güc potensialı 8 dəfədən çox artacaq. Bütün bunlar isə atmosferə atılan karbon qazının azalması deməkdir". (Trend)