Bu barədə açıqlamasında “ARCHİTECTURE and Mep” şirkətinin təsisçisi memar Fərid Bayramov deyib.
Memar bildirib ki, bu ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, Qarabağ iqtisadi zonasının inkişafı və quruculuq işlərinin aparılması üçün 5 prioritet istiqamət müəyyən edilib və bu layihələrin 2030-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur. Hazırda Şərqi Zəngəzur dəhlizinin bərpası ilə bağlı işlərin görülməsi sayəsində Azərbaycanın, ilk növbədə, Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyə ilə quru sərhədinin təmin edilməsi Avropa ölkələrinə neft və qaz ixracında müstəsna əhəmiyyətə malik olacaq: ”İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasına dair Tədbirlər Planı”nda bərpa olunan enerji mənbələrinin inkişafı, enerji infrastrukturunun müasirləşdirilməsi və enerji səmərəliliyi təşviq edilir. Azərbaycan Hökumətinin işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulmasına kompleks və təşəbbüskar yanaşması ön plandadır. Regionun zəruri infrastruktur üçün tələb olunan tikinti materiallarının təchizatı məqsədilə Ağdam rayonunda yerləşən “Şahbulaq” əhəng daşı yatağının dövlət-özəl tərəfdaşlığı çərçivəsində istifadəyə verilməsi üzrə müvafiq tədbirlər görülür. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərində çoxmənzilli yaşayış komplekslərinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Füzuli rayonun Dövlətyarlı yaşayış məntəqələrinin təməli qoyulub”.
Şirkət rəsmisi xatırladıb ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcər və Laçın rayonlarında yerləşən su elektrik stansiyalarının bərpası və yenidən qurulması istiqamətində tədbirlər görülür. Eyni zamanda, Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində həmin ərazilərdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, yaşıl texnologiyaların tətbiqi sahələrində tədbirlər nəzərdə tutulub. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin texniki potensialının olmasının müəyyən edilməsi isə həmin ərazilərdə külək elektrik stansiyası layihəsinin reallaşdırılmasını mümkün edir.
F.Bayramov, həmçinin əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən su elektrik stansiyalarının bərpası və yenidən qurulması çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Bu ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi davam etdirilir, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır. Həyata keçirilən quruculuq və bərpa işləri azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi məqsədini daşıyır.
O qeyd edib ki, ötən 3 il ərzində işğaldan azad olunmuş torpaqları dirçəltmək üçün sərf olunan vəsaitin miqdarı 7 milyard ABŞ dollarına yaxın olub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə uyğun olaraq ən yeni texnologiyalar tətbiq edilməklə güclü infrastruktur qurulur. Həmçinin bu ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması və sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılması məqsədilə güclü iqtisadi stimul yaranıb. (AZƏRTAC)