21.11.2024, 22:34
AZ EN
20.04.2023, 17:00 246

“Arab Post”: Zəngəzur dəhlizi regional iqtisadi tərəqqiyə töhfə olacaq

XƏBƏRLƏR
  • Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi təkcə Bakı üçün yox, həm də region üçün böyük əhəmiyyətə malikdir. Bu layihə, eyni zamanda, regional iqtisadi tərəqqiyə töhfə olacaq.

Bu fikirlər “Arab Post” elektron nəşrində dərc olunmuş analitik məqalədə yer alıb. Yazıda diqqətə çatdırılıb ki, Zəngəzur dəhlizinin açılmasında Rusiya, Türkiyə, Mərkəzi Asiya və Körfəz ölkələri də maraqlıdır. Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatda Bakını Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılması üzrə İrəvanın üzərinə öhdəlik qoyulub. Eyni zamanda, hazırda Moskva bu dəhlizlə bağlı Ermənistan hökumətinə təzyiqi davam etdirir. Türkiyəyə gəldikdə, Bakı ilə ortaq mövqedən çıxış edən Ankara Zəngəzur dəhlizini Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına çıxış, habelə türk dünyasının iqtisadi inteqrasiyası istiqamətində yaxşı fürsət kimi qiymətləndirir.

Məqalədə vurğulanıb ki, Ermənistanın getdikcə zəifləyən müqaviməti fonunda Bakı Zəngəzur dəhlizinin açılmasında israr edir və konstruktiv fəaliyyətini davam etdirir. Bu mühüm layihə ilə bağlı Tehranın qeyri-konstruktiv mövqeyindən bəhs edən müəllif yazıb ki, bu kontekstdə Azərbaycanla münasibətlərin pisləşməsi İranın maraqlarına ziddir. “İranın Cənubi Qafqaz ölkələrinə ixracatının 60 faizi məhz Azərbaycanın payına düşür. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 2021-ci il ilə müqayisədə 100 faiz artıb. İqtisadi cəhətdən güclü olan Azərbaycan İran üçün mühüm qonşudur. Bunları nəzərə alaraq, Tehranın Zəngəzur dəhlizi və regional əməkdaşlığın yeni perspektivləri məsələlərində konstruktiv mövqe nümayiş etdirməsi məqsədəuyğundur”, -deyə məqalədə vurğulanıb. (AZƏRTAC)

Oxşar xəbərlər