22.11.2024, 15:33
AZ EN
08.03.2023, 07:00 147

Araik “inteqrasiya” dedi, Qurgen “şərh” verdi

XƏBƏRLƏR
  • Qarabağda növbəti erməni təxribat baş verdikdən sonra, martın 6-da separatçıların başçsı Araik Harutunyan müşavirə keçirərək Azərbaycan hökumətindən xəbərdarlıq gəldiyini bəyan edib. Xəbərdarlıq belədir: Qarabağ erməniləri ya inteqrasiyanı qəbul etməlidirlər, ya da “mövcud problemlərin dərinləşməsini” gözə almalıdırlar.

Harutunyan özünün “müstəqillik yolundan dönmək niyyətində olmadığını”,  lakin müşavirə iştirakçılarından kiminsə mümkün inteqrasiya yollarını müzakirə etmək istəyi varsa, bunu sərbəst edə biləcəyini deyib. Hətta belə istəkdə olanların əksəriyyət təşkil edəcəyi halda “yeni hökumət”in yaradılmasına da razılaşacağını açıqlayıb.

Arutunyanın mövqeyi Ermənistandakı bəzi dairələrdə kəskin əks-səda doğurub. Eks-prezident Serj Sarkisyanı müxalifətdə olan Respublika Partiyasının sədr müavini Eduard Şarmazanov separatçıların liderinin söylədiklərini “xəyanət” adlandırıb və ona qarşı cinayət işinin açılmasını tələb edib.

Separatçıların liderinin fikirlərini onun təzə təyin etdiyi “dövlət naziri” Qurgen Nersisyan “malalamağa” çalışaraq, Azərbaycanın istər 44 günlük müharibəyə qədər 30 il müddətində, istərsə də sonra sərt siyasət yeritdiyini vurğulayıb, “böyükdən-kiçiyə qədər hamının inadla müqavimət göstərməyə hazır olduğunu”, Harutunyanın bəyanatının isə yalnız “siyasi” xarakter daşıdığını bildirib.

Mövcud vəziyyət Ermənistanın siyasi liderlərinin və Qarabağda separatçılara başçılıq edənlərin Azərbaycanın beynəlxalq normalara əsaslanan mövqeyini heç çür qəbul etmək istəmədiklərini göstərir. Onlar qarşıdurmadan çəkinmək və bölgədə sülhün bərqərar olmasına imkan vermək niyyətində deyillər. Azərbaycan dövləti isə öz ərazisində suveren hüquqlarını tam bərqərar etməkdə qətiyyətli və qərarlıdır, xalqımız da bunu dəstəkləyir və işğalçıların son nəfərinədək torpaqlarımızdan çıxarılması uğrunda mübarizə aparmağa hazırdır.

“Vətən səsi”

Oxşar xəbərlər