Bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev müsahibəsində deyib.
O bildirib ki, hazırda həmin ərazilərə külək turbinlərini aparmaq və mövcud küləkdə onu qurmaq iqtisadi cəhətdən olduqca səmərəlidir: "Bundan sonra isə Laçın-Kəlbəcərdə istehsal ediləcək elektrik enerjisinin şəbəkəyə qoşulması prosesi nəzərdən keçirilə bilər. Bu da onun iqtisadi səmərəsi amilinə gətirib çıxarır. Məsələn, bu gün biz Kəlbəcərdə 800 meqavatlıq külək elektrik stansiyası tikə bilərik. Amma şəbəkə ona hazırdırmı? Ona görə də bu istiqamətdə təhlillər aparılır, həmin ərazilərdə küləyin sürəti, mövcud infrastruktur öyrənilir”.
Bərpa olunan enerji istehsalı ilə bağlı texniki və iqtisadi potensialların nəzərə alınmalı olduğunu söyləyən agentlik rəsmisi bildirib ki, texniki potensial dedikdə ümumilikdə ərazidə günəş radiasiyası və küləyin sürətinin ölçmələri nəticəsində meydana gələn bir həcm nəzərdə tutulur, iqtisadi potensial isə bu texniki resursların hansı hissəsinin real iqtisadi səmərə ilə istifadə edilə biləcəyini göstərir: “Təbii ki, bizim investorlarla işləməyimiz üçün ikinci göstərici, yəni iqtisadi potensial daha vacibdir. Eyni zamanda küləyin sürətinin enerji istehsalı üçün lazım olan miqdardan aşağı olmaması, nəqliyyat-logistik baxımından ərazilərin əlçatan olması və bu kimi digər məsələlər xüsusi önəm kəsb edir". (Trend)