18.10.2024, 11:50
AZ EN
15.12.2022, 14:50 528

Ceyhun Məmmədov: “Məscidlərimiz İranmeyilli şəxslərdən təmizlənməlidir

XƏBƏRLƏR
  • “İran mərsiyə janrından Azərbaycan əleyhinə təbliğat üçün istifadə edir və Azərbaycanda geniş agentura şəbəkəsi qurub. Həmin şəbəkə öz təbliğatında mərsiyəxanalara ciddi əhəmiyyət verir. Belə ki, İran və agentura şəbəkəsinin Azərbaycandakı nümayəndələri sözügedən məsələ barədə danışıldıqda bunu şiəliyin təbliğatı kimi qələmə verməyə çalışırlar. Reallıqda isə bunun  heç bir əsası yoxdur. Şiəlik ilə, İranın təbliğ etdiyi şiəlik tamam fərqlidir. İran şiəliyi farslaşdıraraq, öz  fars yönümlü əməlləri üçün istifadə edir”. Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlamasında bildirib.

O deyib ki, İranın Azərbaycanda böyük agentura şəbəkəsi yaradaraq, dindən öz məqsədləri üçün istifadə etməsi heç kimə sirr deyil. Casusluğa cəlb olunan şəbəkə üzvləri müxtəlif vasitələrlə təbliğat apararaq, İrandan gəlmiş tapşırıqları icra edir, bununla da inanclı insanları öz alətlərinə çevirməyə çalışırlar. Əlbəttə, tarixən Azərbaycanda mərsiyələr olub. İnsanlarımız ayrı-ayrı vaxtlarda bu janrdan istifadə ediblər. Bu gün isə həmin janrdan İran Azərbaycan əleyhinə təbliğat aparmaq üçün geniş şəkildə istifadə edir.

C.Məmmədov daha sonra qeyd edib ki, Bakıda, eləcə də digər bölgələrimizdə mərsiyəxanalar fəaliyyət göstərir. Bunlar Bakının mərkəzində yerləşən İran Mədəniyyət Mərkəzi tərəfindən dəstəklənir. İranın Azərbaycandakı agentura şəbəkəsini də məhz həmin mədəniyyət mərkəzi idarə edir. Bu qurum nə mədəniyyət, nə də dini mərkəzidir. Əslində, ideologiya mərkəzidir. Yeri gəlmişkən onu da vurğulamaq yerinə düşər ki, bunlar sosial şəbəkələrdə də aktivlik göstərirlər. Xüsusilə "TikTok"da aktivdirlər. Azərbaycanda cinayət törədib, İranda

gizlənən şəxslər "hüseyniyyunə", "talış" və digər adlarda səhifələr yaradaraq ölkəmiz əleyhinə çirkin təbliğat aparırlar.

 Millət vəkili daha sonra əlavə edib ki, bütün bu mərsiyəxanalar, İranmeyilli din xadimləri, sosial şəbəkələrdəki trol dəstələri zərərsizləşdirilməlidir. Hesab edirəm ki, bütün qurumların üzərinə böyük məsuliyyət düşür. Hüquq-mühafizə orqanları müəyyən işlər görürlər. Son zamanlar Dövlət Təhlükəsizlik Xidməti bir sıra ciddi addımlar atır. Ancaq düşünürəm ki, qarşıda görülməli işlərimiz çoxdur. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin  üzərinə çox ciddi vəzifələr düşür. Burada köklü, konseptual, düşünülmüş tədbirlər həyata keçirilməldir: “İlkin mərhələdə məscidlərimiz İranmeyilli şəxslərdən təmizlənməlidir. İran agentura şəbəkəsinin dindən çirkin niyyət üçün istifadəsinin qarşısı alınmalıdır. Bu gün bəzi din adamları gizlənib. Özlərini dövlətin yanında göstərməyə çalışır. Əslində, elə deyil. Bu gün onların İrana simpatiyası və xidməti var”, - deyə millət vəkili vurğulayıb.

Onu da qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan statuslarda göstərilir ki, Bakının bəzi məktəblərində şagirdlərə “hüseynçilik və zeynəbçilik” adı altında fars ideologiyası təbliğ edilir. Təhsil Nazirliyi bununla bağlı lazımi tədbir ələ almalıdır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər