27.07.2024, 15:24
AZ EN
08.02.2024, 10:58 247

Paşinyan Qarabağı Ermənistana birləşdirmək ideyasının müəlliflərini yıxıb-sürüdü: "Bəs, tarixi ədalət?"

XƏBƏRLƏR
  • "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmış bir mühüm müddəsı var. Müqavilənin həmin bəndində deyilir ki, tərəflər bu razılaşmanın öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən sual-cavab sessiyasında deyib. O, hökumətin sülh müqaviləsinin imzalanması üçün konstitusiyanı dəyişmək niyyəti barədə suala cavab verərkən bildirib ki, konstitusiya ölkənin daxili həyatının təşkili üçündür, amma eyni zamanda xarici əlaqələri nizamlayır.

Paşinyan əlavə edib ki, ətraf dünya ilə münasibətlər yeni şəraitlərə uyğun olaraq qurulur və dünya hazırda indiki konstitusiyanın qəbul olunduğu vaxtlardakı dünya deyil. O, Ermənistan konstitusiyanda Azərbayaca qarşı ərazi iddiaları barədə fikirlərin ziyanlı olduğunu açıq şəkildə etiraf edib: “Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı dünyadan danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil”.

Erməni Baş nazir  parlamentdəki çıxışı zamanı konstitusiyaya ediləcək dəyişiklikləri Ermənistanın özü və gələcək üçün çox mühüm olduğunu bir daha vurğulayıb: “Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”.

Nikol Paşinyan SSRİ-nin dağılmasından sonra Azərbaycanın Qarabağ bölgəsini Ermənistana birləşdirmək arzusu ilə erməni xalqını aldadan və onu haqq yolundan sapındıran qüvvələri də qınayıb: “Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq? Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeyləri başa düşürlər. Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?”.

Baş nazir bəyan edib ki, hazırkı reallıqlar şəraitində Ermənistan üçün ən mühüm məsələlərdən biri xarici mühitdə daha təhlükəsiz olmaqdır: "Biz ordu və xarici münasibətlər dedikdə təhlükəsizlik komponentini nəzərdə tuturuq. Amma bura üçüncüsünü də əlavə etməliyik. Ordu və xarici münasibətlər dövlətin beynəlxalq aləmdə tanınmış ərazisində onun legitim maraqlarına xidmət etməlidir. Bu təhlükəsziliyin səviyyəsini qaldırmağa hesablanmış addımdır”.

Elxan SALAHOV

Oxşar xəbərlər