"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan bildirib. O, qeyd edib ki, yeni Konstitusiyanın qəbul olunmasının yeganə yolu ümumxalq referendumunun keçirilməsidir: "Konstitusiyada istənilən dəyişiklik yalnız xalq tərəfindən edilə bilər. Hazırkı Konstitusiyaya əsasən, bəzi maddələr parlamentdə səsvermə yolu ilə də dəyişdirilə bilər".
Paşinyan onu da vurğulayıb ki, Konstitusiya dəyişikliyi ilə bağlı bütün məsələr, o cümlədən sənədə əlavə edilmiş yeni müddəlar və dəyişikliklər paket halında hakim partiyada da açıq müzakirə edilib. Onun sözlərinə görə, hazırda bu proses müvafiq dövlət qurumlarında da davam edir: "Konstitusiyanın müəyyən maddələrində dəyişiklik etmək səlahiyyətinin parlamentə verilib-verilməməsi ilə bağlı məsələ də müzakirə olunur".
Baş nazir bildirib ki, Ermənistan Konstitusiyası Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir. Lakin indiki reallıqlar müəyyən dəyişikləri zərurətə çevirib: "1990-cı il Müstəqillik Bəyannaməsi tam olaraq Ermənistan Konstitusiyasına daxil edilməyib və bu iki sənədin məzmunu eyni deyil. Müxtəlif şərhlərə baxmayaraq, bu o demək deyil ki, Müstəqillik Bəyannaməsinin bütün məzmunu Ermənistan Respublikasının Konstitusiyasına daxil edilib və bu iki sənədin məzmunu eynidir. Xeyr, belə deyil. Lakin biz həm keçdiyimiz yolu, həm də gələcək inkişafı nəzərə alaraq yeni Konstitusiyasının qəbulu ilə bağlı səslənən arqumentləri də anlayırıq".
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan da bu yaxınlarda Konstitusiyaya dəyişikliklərlə bağlı açıqlamasında prosesin yekun mərhələyə çatdığını söyləmişdi. O, yeni Konstitusiya layihəsinin ilkin versiyasının hazır olduğunu, amma hakim “Vətəndaş Müqaviləsi” Partiyasında müzakirə edilməli olduğunu açıqlamışdı.
Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq düzəlişin olunmasını tələb edib. Başqa sözlə, Ermənistanın hazırkı Konstitusiyası Azərbaycanla sülh sazişinin imzalanmasını əngəlləyir. Azərbaycan Prezidenti İlham Əliyev bunu çıxışlarında, müsahibələrində dəfələrlə açıq və qəti söyləyib: "Sülh sazişinin başlıca şərti Ermənistanın Konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq".
Ermənistan isə əvvəllər Azərbaycanın bu tələbini qulaqardına vuraraq Konstitusiya dəyişikliklərinə getmək istəmirdi. Amma ötən ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüşlərdən sonra Ermənistan rəhbərliyi bu reallığı anlayıb və artıq Konstitusiyanı necə dəyişəcəyinin yolunu da tapıb.
Elxan SALAHOV