11.02.2026, 12:56
AZ EN
11.02.2026, 09:43 139

Ermənistanı çətin dövr gözləyir

XƏBƏRLƏR
  • Ermənistanı təbliğat və hibrid hücumlarla müşayiət olunan çətin, həm də son dərəcə məsuliyyətli dövr gözləyir. Qarşıdakı mərhələdən uğurlu keçid Ermənistanın gələcəyini müəyyənləşdirən əsas faktor olacaq.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistan parlamentin Avropa İnteqrasiyası üzrə Daimi Komitəsinin sədri və hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Arman Yeqoyan bildirib. O, parlamentin dünən keçirilən iclasında deyib ki, 30 ildən artıq Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistanda sülh bərqərar olub, amma müharibənin nəticələrini aradan qaldırmaq, etibarlı və təhlükəsiz inkişaf mərhələsini davam etdirmək üçün sülhü müdafiə etmək lazımdır.

Erməni deputat iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində vətəndaşların hökumətin bütün nailiyyətlərini müdafiə edəcəyinə əminliyini ifadə edib. O, vurğulayıb ki, əvvəllər Ermənistan müharibənin nə vaxt başlayacağını müzakirə edirdisə, indi müzakirə İrəvana dünya bazarlarına çıxış imkanları yaradan  “Tramp Marşrutu” kimi nəhəng layihədən, ABŞ-la strateji tərəfdaşlıqdan və ya digər ölkədən nüvə reaktoru almaqdan gedir.

Arman Yeqoyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri çərçivəsində keçirilən görüşləri nəzərdə tutaraq bildirib ki, onun İrəvanda səsləndirdiyi mesajlar və tərəflər arasında müzakirələr yeni dövrün başlandığının rəsmi təsdiqidir. Onun sözlərinə görə, ABŞ Ermənistana yüksək məhsuldarlıqlı Nvidia çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verib. Bu çiplər Ermənistanda yeni məlumat emalı mərkəzlərinin (data center) tikintisi üçün istifadə olunacaq və layihənin icrasına faktiki olaraq artıq başlanılıb.

“ABŞ və Ermənistan mülki nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Saziş potensial investisiyaları nəzərdə tutur və İrəvanın Rusiyadan enerji asılılığının azaldılmasına yönəlib. Eyni zamanda, Amerika şirkətlərinə nüvə texnologiyaları, yanacaq və xidmətlərin tədarükünə çıxış, eləcə də ölkə elektrik enerjisinin təxminən 40 faizini təmin edən Ermənistan AES-inin kiçik modul reaktorlarla əvəzlənməsi üzrə müsabiqədə iştirak imkanı yaradır”, - deyə erməni deputat əlavə edib.

Parlamentdə Paşinyanın komandasını təmsil edən Yeqoyan bildirib ki, indiki vəziyyətdə Ermənistan üçün ən çətin dövrü Rusiyanın asılılığından xilas olmaqdır. Onun sözlərinə görə, söhbət hər şeydən əvvəl iqtisadi və təhlükəsizlik sahəsindəki asılılıqdan gedir.

Xatırladaq ki, ABŞ-ın regiondakı əsas məqsədlərindən biri Rusiyanın Ermənistana təsirini azaltmaq, maksimum proqram kimi isə İrəvanın Moskvadan tamamilə qoparılmasına nail olmaqdır. Siyasi təhlilçilərin fikrincə, Vensin regiona səfərinin Ermənistandan başlaması da məhz bu məqəsədə xidmət edir. Bildirilir ki, vitse-prezidentin rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyətinin Ermənistana çoxdan planlaşdırılan səfəri ərəfəsində Moskava-İrəvan arasında qarşılıqlı narazılıqların açıq müstəviyə keçməsi Vaşinqtonu ciddi narahat edir. Vensin İrəvanda keçirdiyi görüşlər, sələndirilən bəyanatlar və imzalanan sənədlər isə ABŞ administarsiyanın Paşinyan hakimiyyətinə seçkiöncəsi dəstəyi kimi qiymətləndirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər