1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb. 2019-cu il oktyabrın 23-də isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.
Ölkəmizdə vergi islahatları istiqamətində mühüm addımlar atılıb, Vergi Məcəlləsinə dəyişikliklər edilib. Belə ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın müasir tələblərinə uyğun olaraq daim təkmilləşdirilir. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib. Ədalətli rəqabət mühitinin formalaşdırılmasını təmin etmək üçün Məcəlləyə bir sıra stimullaşdırıcı maddələr əlavə olunub.
Hazırladı: Mina RƏŞİD