11.02.2026, 12:53
AZ EN
11.02.2026, 08:43 128

Rahid 18 yaşında qəhrəman oldu

XƏBƏRLƏR
  • Vətən Müharibəsi başlayanda Rahid 18 yaşında əsgər idi. Amma buna baxmayaraq o döyüşlərdə şücaətlər göstərdi. Düşmənin xeyli sayda  canlı qüvvəsini məhv etdi. Bunu onun ata-anası ilə görüşdə komandiri söyləyib. Rahid Talış döyüşlərində qəhrəmancasına şəhadətə ucaldı...

Anası onunla telefon söhbətində həmişə birinci yemək-içməyi ilə maraqlanırdı. Rahid deyirdi ki, burda hər şey verirlər, narahat olmayın.  İndi anası deyir ki, Rahid yoldaşlarının qisasını aldı, balamla fəxr edirəm. Atası da övladını qəhrəman sanır. Rahid həqiqətən yaşından böyük, igid, mərd döyüşçü idi. Hələ uşaq yaşlarından deyərdi ki, işğalda olan torpaqlarımızı mən gedib azad edəcəm. Əmisi ondan gözü yaşlı, həm də qürurla danışdı: “Rahid demişdi ki, oktyabrda məzuniyyətə gələcəm, gəldi, özü də həmişəlik...”

Bu gün şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Rahid Namiq oğlu Cəfərovun doğum günüdür. O, 11 fevral 2002-ci ildə Cəlilabad rayonunun Dələli kəndində anadan olub. Orta məktəbi doğma kənddə bitirib. Vətən Müharibəsi başlayanda Rahid 18 yaşında əsgər idi.

Azərbaycan Ordusunun əsgəri olan Rahid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Talış yüksəkliyi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşaraq şücaətlər göstərib.

Rahid Cəfərov 4 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz oktyabrın 5-də doğma kəndlərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rahid Cəfərov ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Rahid balamız!

Mina RƏŞİD

 

Oxşar xəbərlər