02.03.2026, 13:43
AZ EN
06.01.2026, 14:31 225

“907-ci düzəliş"in ləğvinə hazırlıq gedir

XƏBƏRLƏR
  • "Hazırda Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Amma digər tərəfdən bu ölkədən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, məlum "907-ci düzəliş" bir-birini inkar edən məsələlərdir".

"Vətən səsi" xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-ABŞ münasibətləri barədə fikirlərini şərh edərkın belə deyib. Deputat bildirib ki, "907-ci düzəliş"in Azərbaycana təsiri o qədər əhəmiyyətli olmasa da, bunun rəmzi və siyasi təsiri böyükdür: "Çünki bu maddənin və sanksiyanın saxlanılması məntiqsizdir. Azərbaycanla Ermənistan arasında artıq sülh mövcuddur. Ölkəmiz öz ərazisindən Ermənistana malların daşınması ilə yanaşı yanacaq materiallarının çatdırılmasını təmin edib. Amma bunun "907-ci düzəliş" hələ də “blokada” haqqında danışır, Azərbaycana sanksiyaları tətbiq edir. Bu isə öz-özlüyündə reallıqdan uzaq yanaşmaya çevrilir. Strateji əməkdaşlıq səviyyəsinə yüksələn münasibətlərə bu amil təbii ki, ciddi təsir göstərir".

Səməd Seyidov bildirib ki, ABŞ-ın hazırkı administrasiyası Bakı-Vaşinqton münasibətlərinin inkişaf etdirilməsində, siyasi və iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Onun sözlərinə görə, xüsusilə Donald Trampın Azərbaycan liderinin şahidliyi ilə "907-ci düzəliş"in dayandırılması haqqında qərara imza atması tarixi məsələdir: "Bu proses artıq ABŞ Konqresindədir, konqresmen Anna Paulina Luna "907-ci düzəliş"in tam ləğvinə dair qanun layihəsini təqdim edib. Bu yaxınlarda prezident İlham Əliyev ABŞ senatorlarını da qəbul edib və təbii ki, onlar da bu məsələyə dair özlərinin mövqeyini ifadə edəcəklər. Həmçinin Azərbaycandan göndərilən nümayəndə heyətləri və Milli Məclis təmsilçiləri olaraq 2025-ci ilin son aylarında iki dəfə ABŞ-də olub orada konqresmenlərlə, senatorlarla görüşmüşük. Bundan sonra biz bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik".

Elxan SALAHOV

Oxşar xəbərlər