Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilib.
Azərbaycanın Gürcüstandakı Səfirliyi və SOCAR-ın təşkilatçılığı ilə təşkil edilən sərgidə 1992-ci ilin fevralında baş vermiş faciə zamanı çəkilmiş real fotoşəkillər nümayiş etdirilib.
Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən sənədli film də nümayiş olunub.
Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir:
"Faciə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və qurbanların xatirəsinin yaşadılması hər bir azərbaycanlının mənəvi borcudur".
Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sənan Baxşıyev çıxışında Xocalı faciəsinin tarixi-siyasi mahiyyətindən danışıb.
Qeyd edilib ki, Xocalı ağrısı uzun illər Azərbaycan xalqının yaddaşında yaşayaraq ədalət çağırışına çevrilib.
Bu gün həmçinin Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunda da anım mərasimi keçirilib.
Baş konsul Fuad Əzizov çıxış edərək Xocalı faciəsinin tarixi-siyasi mahiyyəti, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat verib.
Çıxış zamanı faciənin canlı şahidi olmuş Xocalı sakini mərhum İlham Quliyevin xatirəsi ehtiramla yad edilib, onun 2026-cı ilin yanvar ayında vəfat etdiyi bildirilib.
Anım mərasimi çərçivəsində Baş Konsulluğun inzibati binasında Azərbaycanın Dövlət Bayrağı yarıya qədər endirilib, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Eyni zamanda bölgədə geniş oxucu auditoriyasına malik TV12.ge informasiya agentliyində "Xocalı soyqırımı – 34 il ötür" sərlövhəli məqalə dərc edilib. (Report)