Azərbaycan artıq ərazi bütövlüyünü tam bərpa edib, münaqişəyə son qoyub, separatçıları ard-arda həbs edir. AP-nin hər hansı qətnamə qəbul etməsi vəziyyəti dəyişə bilməz, indiyə qədər qəbul edilən digər qətnamələr kimi sadəcə bir kağız parçasıdır. Burada əsas zərbə Ermənistana dəyir, çünki AP-nin bu cür qərəzli qətnaməsi nəticəsində Ermənstan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən vermiş və dalana dirənmiş, kənarda qalmış dövlət statusunu daha da möhkəmlətdi.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ikili standartların növbəti təzahürüdür.
“Azərbaycanın qələbəsi ilə barışmayan qüvvələr artıq ortadadır. Avropa Parlamenti Azərbaycanın qələbəsini, torpaqlarının işğaldan azad etməsini, ərazi bütövlüyünü tam təmin etməsini həzm edə bilmir.
Belə olduğu təqdirdə, təbii ki, qərəzli qətnamələr çıxır ortaya. Avropa Parlamentində erməni diasporu aktiv fəaliyyət göstərir. Avropa Parlamentində bir sıra deputatlar, xüsusilə Fransadan olan deputatlar erməni lobbisinin təsiri altındadır. Belə olan halda isə, onlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Ancaq bu qətnamələr kağız parçasından başqa bir şey deyil”, - deyə deputat əlavə edib. (Trend)