Bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisiçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-ın populyar nəşri “The Jewish Press”də dərc olunmuş məqaləsində yazıb.
“Ulu Öndər və yəhudilər”, mühüm sənədli film” sərlövhəli məqalədə qeyd olunub ki, bu yaxınlarda Azərbaycanın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə Aralıq dənizi sahilində yerləşən Netanya şəhərinin sakinlərinə “Ulu Öndər və yəhudilər” sənədli filmi nümayiş etdirilib.
İsraildəki Azərbaycan diasporu, habelə tanınmış siyasi və ictimai xadimlərin qatıldığı filmin təqdimatında Ulu Öndərin İsrail Dövləti və yəhudi xalqına münasibətindən söz açılıb. Qeyd edilib ki, Heydər Əliyev hakimiyyətə gəldiyi andan Şimon Peres, Benyamin Netanyahu kimi İsrail liderləri ilə sıx təmasda olub. Təl-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyət göstərəcəyinə inanan Ulu Öndərin 1990-cı illərdə hətta Amerika yəhudi liderləri qarşısında çıxış edərək bunun yaxın gələcəkdə baş verəcəyini söylədiyi bildirilib. Yəhudi xalqının Azərbaycanda xoşbəxt yaşamasını istəyən dahi Lider yəhudi xalqına Pesax, Roş-Ha-Şana və Hanukka kimi milli bayramları münasibətilə rəsmi təbrik ünvanlamağı ənənəyə çevirməklə yanaşı, ölkəsində yəhudi xalqı üçün yeni sinaqoqlar inşa etdirib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, Heydər Əliyevin Prezident kimi fəaliyyəti Azərbaycandakı yəhudilərin rifah halı ilə xarakterizə olunub və hər bir ölkə Ümummilli Liderin Azərbaycanda yaşayan yəhudilərə münasibətini özü üçün örnək etməlidir. Azərbaycan Hökuməti ilə İsrail arasında münasibətlər Heydər Əliyevin Azərbaycandakı yəhudi icmasına münasibətilə dərindən bağlıdır və bunlar üzvi şəkildə əlaqəli iki məsələdir. Qeyd olunub ki, Prezident İlham Əliyev Ulu Öndərin sözügedən siyasətini ən uğurlu şəkildə davam etdirir və Təl-Əvivdə Azərbaycan səfirliyinin fəaliyyətə başlaması bunun aşkar sübutudur. Sonda tədbir iştirakçıları yəhudi xalqı və İsrailin böyük dostu Heydər Əliyevin irsinin adıçəkilən ölkədə hərtərəfli öyrənilməsinin zəruriliyi və əhəmiyyəti barədə yekdil münasibət bildiriblər.
Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür. (AZƏRTAC)