02.03.2026, 06:57
AZ EN
29.09.2025, 09:57 127

Paşinyan Bakı və Ankara ilə dialoqdan məmnundur

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 80-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşdə Bakı və Ankara ilə dialoqdan məmnunluqla danışıb.

"Vətən səsi" xəbər verir ki, görüşdə regional və beynəlxalq gündəliyə aid məsələlər müzakirə olunub. Tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regionda əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, fəal ikitərəfli əməkdaşlıq Ermənistanda demokratik təsisatların inkişafına, insan hüquqlarının qorunmasına, eləcə də regional sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.

Paşinyan Ermənistan həm Azərbaycan, həm də Türkiyə ilə görünməmiş müsbət dialoq qurulduğunu söyləyib.

Yeri gəlmişkən, Ermənistanın Baş naziri həmin fikirləri BMT Baş Assambleyasındakı çıxışı zamanı da təkrarlayıb. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri müntəzəmdir və davamlı olaraq artan səviyyədədir: "Mən bu nailiyyəti yüksək qiymətləndirirəm və əminəm ki, bu, yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulması və dövlətlərarası sərhədlərin tam açılması kimi müsbət nəticələr verəcək. İki ölkə arasında sərhədlərin açılması TRIPP layihəsinə də müsbət təsir edəcək".

Nikol Paşinyan Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz gediş-gəlişini təmin edəcək Zəngəzur dəhlizi barədə razılaşmadan məmnunluqla danışıb. O, qeyd edib ki, həmin layihə Ermənistanın beynəlxalq və daxili rabitəsi üçün faydalı olacağına əmindir: "Avqustun 8-də Vaşinqtonda imzalanan bəyannamədə Ermənistan və Azərbaycan daha parlaq gələcəyə aparan yolların müəyyənləşdirilməsinin zəruriliyini qəbul edirlər. Mehriban qonşuluq münasibətləri üçün şərtlər nəhayət bərqərar oldu. Heç vaxt yenidən nəzərdən keçirilə bilməyən və dəyişdirilməməli olan bu reallıq iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Eyni sənəddə biz - Ermənistan və Azərbaycan liderləri regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və rifahı təşviq etmək üçün dövlətlərarası, ikitərəfli və beynəlxalq daşımalar üçün iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiqlədik".

Elxan SALAHOV

Oxşar xəbərlər