"Vətən səsi" xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan ATƏT-in baş katibinin İrəvana gəlişini alqışlayıb və qeyd edib ki, bu səfər ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə etmək üçün yaxşı fürsətdir. Baş nazir ATƏT-lə fəal dialoqun vacibliyini də xüsusi vurğulayaraq səmərəli əməkdaşlığa ümid etdiyini gizlətməyib.
Feridun Sinirlioğlu qeyd edib ki, Cənubi Qafqaz regionu ATƏT üçün strateji əhəmiyyətə malikdir və təşkilat bundan sonra da sülh gündəminin irəliləməsinə öz töhfəsini verəcək. ATƏT-in baş katibi bu istiqamətdə regional sülh və sabitliyin təmin edilməsi üçün göstərilən səyləri alqışlayıb. Bu kontekstdə həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına ümid etdiklərini bildiriblər. Baş nazir sülh sazişinin imzalanması prosesində Ermənistanın mövqelərinə toxunaraq, sülh gündəminin Ermənistan Respublikası hökumətinin prioriteti olduğunu vurğulayıb.
Türkiyəli diplomat qeyd edib ki, regionda sülhə nail olmaq üçün böyük imkanlar var və onlar reallaşdırılmalıdır. O, Ararat Mirzoyanla görüşdə də eyni mövqedən çıxış edib.
Bəs, Azərbaycan tərəfinin reputasiyası zədələnmiş təşkilat kimi ləğvini tələb etdiyi ATƏT-in Baş katibinin regiona səfəri nəyi dəyişmək gücündədirmi? Feridun Sinirlioğlunun Erməmistanda keçirdiyi görüşlər sülh danışıqlarına hansı təsirlər göstərə bilər?
Politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən ATƏT-in baş katibinin hələ iki ay əvvəl Münhen Təhlükəsizlik Konfransında da Paşinyanla görüşdüyünü xatırladır. Onun sözlərinə görə, İrəvandakı görüşlərdə Ermənistanın ATƏT-lə əməkdaşlığı və Azərbaycanla aparılan danışıqların hazırki vəziyyəti müzakirə olunub: "Ermənistan ATƏT-lə əməkdaşlığı davam etdirmək istəyərkən rəsmi Bakının belə bir istəyi yoxdur. Çünki ATƏT 30 il ərzində Qarabağ münaqişəsini həll edə bilmədi və bu səbəbdən Azərbaycanda ən çox tənqid edilən təşkilat idi. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun ləğvinə çalışır. Buna baxmayaraq, ATƏT-in baş katibinin təcrübəli və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Əroğana yaxınlığı ilə seçilən türkiyəli diplomat olduğu nəzərə alınaraq, rəsmi Bakı Firudin Sinirlioğlu ilə təmasdan imtina etməyəcək".
Elxan Şahinoğlu hesab edir ki, tutduğu vəzifəyə görə Firudin Sinirlioğlunun rəsmi Bakının “Minsk Qrupu ləğv olunmalıdır” yanaşmasını dəstəkləməsi çətindir: "Ancaq türkiyəli diplomat onu da anlayır ki, de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure də ləğvi ümumi işin xeyrinədir. Bunun baş verməsi həm də sülh sazişinin imzalanması üçün iki əsas şərtdən birinin yerinə yetirilməsi deməkdir".
Məhz bu baxımdan Feridun Sinirlioğlunun Ermənistana səfəri, Paşinyan və Aarartla aparılan müzakirələr ATƏT-in Minsk Qrupunun ləğvinə hazırlıq kimi də dəyərləındirilə bilər.
Elxan SALAHOV