16.04.2025, 18:59
AZ EN
16.04.2025, 11:35 202

Fərid Şəfiyev: Ermənistan tərəfindən Azərbaycan Konstitusiyasının gündəmə gətirilməsi faydasız cəhddir

XƏBƏRLƏR
  • Minsk qrupu mövcudluğunu saxladıqca, o, “davam edən münaqişə” ilə məşğul olan struktur kimi qəbul ediləcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla nizamlama prosesinin gedişinə dair ölkə parlamentində səsləndirdiyi son fikirləri şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, Paşinyanın çıxışında ümumən narrativin münaqişə yox, sülhlə bağlılığı müsbət hal olsa da, onun fikirlərində qarışıq məqamlar var:

“Ermənistan Konstitusiyasında (preambula vasitəsilə Müstəqillik Bəyannaməsinə) “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi”nə istinad var. Oxşar presedentlə Konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı beynəlxalq təcrübə mövcuddur. Məsələn, dəfələrlə qeyd olunduğu kimi, Böyük Britaniya ilə məsələni yoluna qoymaq məqsədilə 1998-ci ildə İrlandiya referendum keçirdi".

BMTM sədrinin fikrincə, bu addım nə qədər qeyri-populyar olsa da, Ermənistan öz Konstitusiyasının dəyişdirilməsi üçün referenduma getməlidir:

“Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan Konstitusiyasının gündəmə gətirilməsi də faydasız cəhddir. Azərbaycan Konstitusiyasında və ya Müstəqillik Bəyannaməsi kimi hər hansı digər sənəddə Ermənistana qarşı ərazisi iddiası yoxdur. 1918-1920-ci illərin birinci respublikasına istinad da əsassızdır. Eyni qaydada, Gürcüstanın Müstəqillik Bəyannaməsində 1918-1920-ci illərin ilk respublikasına istinad edilir. Həmin dövrdə Gürcüstan Ermənistanın indiki Lori bölgəsinə nəzarət edirdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı narahatlığını heç vaxt bildirməyib".

F.Şəfiyev qeyd edib ki, Ermənistan-Azərbaycan məsələsində müasir münaqişənin (1987-2023) səbəbi doğrudan da Qarabağdır:

"Bundan başqa, Ermənistan Konstitusiyasının (Bəyannaməsinin) “Dağlıq Qarabağ”la bağlı bəndinin praktik tətbiqi var. Robert Köçəryan 1998-ci ildə prezident seçiləndə ölkənin Konstitusiya Məhkəməsi onun Azərbaycanın Qarabağ bölgəsində yaşamasını Ermənistanın prezident seçkilərində iştirak üçün məqbul hesab etmişdi. Ermənistanın bu nümunə üzrə çox sayda başqa rəsmi sənədləri də var.

Belə bir referendum Şimali Makedoniyada olduğu kimi, Ermənistanda da qeyri-populyar ola bilər, lakin rəsmi Skopye onu keçirdi və insanlar problemin həllinə səs verdilər”.

O vurğulayıb ki, Paşinyan və ətrafı Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün ATƏT-də konsensusun zəruriliyini vurğulamağı da xoşlayır:

“Lakin bu yaxınlarda, 2024-cü ilin dekabrında Maltada ATƏT Nazirlər Şurasının iclasında tək Ermənistan deyil, Fransa, sonra isə ABŞ-nin Bayden administrasiyası Minsk qrupunun buraxılmasının əleyhinə çıxmışdı. Ona görə də tamamilə mümkündür ki, sabah bu qrupun ləğvi məsələsi yenidən gündəmə gəlsə, Ermənistanın müttəfiqləri konsensusun olmadığını əsas gətirərək, belə bir qərarın qarşısını yenidən alacaqlar. Bu, tipik siyasi oyundur. Buna görə də sülh müqaviləsi naminə Minsk qrupu rəsmən ləğv edilməlidir". (Report)

Oxşar xəbərlər