21.11.2024, 19:31
AZ EN
20.01.2022, 17:22 215

20 Yanvar – mübarizə və qəhrəmanlıq tariximizin şanlı səhifəsi

XƏBƏRLƏR

Hamımız o günü – 2020-ci ilin 8 noyabrını yaxşı xatırlayırıq: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər birimiz üçün əziz olan Şuşa şəhərinin işğaldan azad edilməsi müjədsini verərkən xalqımıza məhz müqəddəs məkandan – Şəhidlər Xiyaba­nın­dan müraciət etdi. Bununla da dövlətimizin başçısı Azərbaycanın istiqlal mücadiləsinin ölməz qəhrəmanlarının – 20 Yanvar şəhidlərinin və onların mübarizə yolunu davam etdirən birinci Qarabağ müharibəsi şəhidlərinin uğrunda can qoyduqları idealları gerəkləşdirdiyinin sanki hesabatını verirdi. “Biz bundan sonra həmişə müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq!” 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin rəhbəri bu fikri bir neçə dəfə bəyan edib. Erməni faşizmi üzərində tarixi qələbənin xalqımızın və dövlətimizin taleyinə gətirdiyi dəyişikliyi ifadə edən bu sözlər   həm də otuz ildən artıq bir müddətdə ölkəmizin keçdiyi sınaqları bir daha yada salır, xatırladırdı. Belə sınaqlardan biri də 20 Yanvar hadisələri olub.

Düz otuz iki il əvvəl Bakının küçə və meydanlarına axışaraq ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığına və keçmiş SSRİ rəhbərliyinin onlara göstərdiyi havadarlığa etiraz bildirən dinc əhaliyə sovet hərbi qüvvələri amansızlıqla divan tutdular. Kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirildi, ağır xəsarətlər alanlar həmişəlik sağlamlığını itirdi. Bu, sovet imperiyasının dəhşətli cinayəti kimi bəşər tarixinə yazılsa da, xalqımızın həm də mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün biz qürurla deyə bilərik ki, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etdi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı qırğının bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliy­yətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər.

Qara 20 Yanvar faciəsindən bir gün sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə ge­də­rək qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli ol­du. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək və­zifələrdə çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu.

Ulu Öndər Heydər Əliyev öz bəyanatı ilə, əslində, Azərbaycanda gedən proseslərə qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli davranmadığını diqqətə çatdırdı. Hakimiyyəti həm də onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin olunması xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olub. Bu uçurumun yaradılması da, ilk növbədə, mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə, gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.

Ümummilli Lider Heydər Əliyevin təşəb-büsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Soveti 1990-cı il noyabrın 21-də bu hadisəyə ilk dəfə siyasi-hüquqi qiymət verdi. Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması və cinayətkarların müəyyənləşdirilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı.

Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.

Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov “20 Yanvar hadisələri istiqlala gedən yolun ilk qığılcımları idi” sərlövhəli məqaləsində yazır: “2020-ci ildə Vətən müharibəsindəki Zəfərimizə qədər olan dövrdə ermənilər birbaşa və dolayı yolla xalqımıza qarşı çoxsaylı təxribatlar, qətliamlar törədiblər və bu baxımdan 20 Yanvar hadisəsi Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu hadisə idi. XX əsrin əvvəllərində, yəni, 1904-1905-ci illərdə azərbaycanlı əhaliyə qarşı soyqırımı hadisəsi törədiləndə Azərbaycanın demokratik ziyalıları bu hadisənin təfərrüatına varmadılar. Onlar elə başa düşürdülər ki, bu hadisə, sadəcə, Azərbaycan və erməni xalqları arasında məişət zəminində baş verən hadisədir. Ziyalılarımız Azərbaycan xalqına anlada bilmədilər ki, XIX əsrin 80-ci illərindən başlayaraq ermənilər “böyük Ermənistan” xülyası uğrunda mübarizəyə başlayıblar. Ermənilər “Daşnaksütyun” partiyasının rəhbərliyi altında “dənizdən-dənizə” ideyası ilə hərəkət edirlər. Bu ideyanın müəllifləri iddia edirdilər ki, guya “böyük Ermənistan” dövləti eradan əvvəl mövcud olub və bu dövlətin ərazisi Aralıq dənizindən Qara dənizə, oradan isə Xəzər dənizinədək uzanırmış. İndi məqsəd tarixi erməni dövlətini və onun torpaqlarını bərpa etməkdir. Bu torpaqları geri qaytarmaq üçün həmin ərazidə yaşayan azərbaycanlıları qırmaq, soyqırımına məruz qoymaq lazımdır. 1905-1906-cı illərdə törədilən hadisələrin səbəbini bilmədiyimiz və “Axı erməni bizdən nə istəyir? sualına cavab tapmadığımız üçün 1918-1920-ci illərdə Azərbaycan xalqı yenidən bu dəhşəti yaşadı. Bu qırğınlar əvvəlkindən daha dəhşətli və əhatəli idi. Artıq azərbaycanlıların soyqırımı həm Şimali, həm də Cənubi Azərbaycanda aparılırdı.

Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra həyata keçirilən təbliğat azərbaycanlılara qarşı törədilən soyqırımı yaddan çıxardı, hadisələrə başqa don geyindirildi. Təbliğat aparıldı ki, guya 1918-1920-ci illərdə həyata keçirilən soyqırımı deyil, vətəndaş müharibəsi imiş və bunun səbəbkarı Azərbaycanın milli demokratik ziyalıları, hadisənin qəhrəmanı isə Stepan Şaumyan imiş. 1920-ci ildən başlayaraq Azərbaycanın milli demokratik ziyalıları bu bəhanə ilə sıradan çıxarıldı. İdeologiyanın forması dəyişdirilərək xalqlar dostluğuna çevrildi və proletar beynəlmiləlçiliyə xidmət etməyə başlanıldı”.

Məqalədə, həmçinin deyilir: “Məhz bunların nəticəsi idi ki, XX əsrin 80-ci illərinin sonlarında ermənilər bizə qarşı ərazi iddiası ilə çıxış edəndə onlara qarşı mübarizə aparmaq üçün bir yumruq kimi birləşə bilmədik. Çünki Azərbaycandan fərqli olaraq, Ermənistanda həm hakimiyyət, həm əhali, həm də erməni diasporu miatsum (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası) ideyası ətrafında birləşərək Azərbaycanın tarixi torpaqlarını qəsb etmək üçün güc sahibi oldular. Amma Ermənistandan fərqli olaraq, Azər­bay­canın siyasi hakimiyyəti üzünü Moskvaya tutdu, ümidini ona bağladı. Lakin Azərbaycanın demokratik ziyalıları bununla razılaşmadılar və etiraz səslərini ucaltdılar. Təəssüf ki, birləşmək mümkün olmadı, fikir ayrılığı yarandı və təbii ki, Moskvadan asılılıq insanlarımızı qırğına sürüklədi.

20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı hadisələrdən biridir. Bu faciədə yüzlərlə insan həlak oldu. Şikəst qalan da oldu, itkin düşən də. Amma bununla yanaşı, xalq ilk dəfə olaraq boyunduruqdan xilas olmaq uğrunda mübarizəyə qalxdı. Sovet hökumətindən əlini üzən xalq meydanlara axışdı. Sovet dönəmində təkcə Azərbaycanı idarə edən deyil, həm də sovet hökumətini idarə edənlərdən biri - yeganə türk müsəlman Ulu Öndər Heydər Əliyev xalqının səsi oldu, sovet imperiyasını öz məkanında, paytaxt Moskvada ifşa etdi. Azərbaycan xalqı birmənalı olaraq dərk etdi ki, 70 il ərzində təbliğ olunanlar yalan imiş və sovet ordusu heç vaxt Azərbaycan ordusu olmayıb və olmayacaq. Bizim vətənimiz SSRİ deyil, Azərbaycandır.

20 Yanvar ibrətli tarixdir. Bu tarix istiqlala gedən yolun ilk işartılarını özündə əks etdirirdi. Meydan hərəkatı anlatdı ki, xalq öz ərazi bütövlüyünü qorumaq üçün Vətən, torpaq uğrunda mübarizəyə qalxmalıdır. O, əliyalın da, silahsız da ola bilər. Bu mübarizədə ən kiçik yaşlı məktəbli də, əsgər də, gənc polis də, ahıl da şəhid ola bilər, təki Vətənin bütövlüyünə, azadlığına xələl gəlməsin.

Azərbaycan xalıq da 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır və heç nədən qorxmur. Bu faciədə yüzlərlə vətəndaşımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. Azərbaycan xalqı XX əsrdə dövlət müstəqilliyini yenidən bərpa etdi. Lakin xalq müstəqil dövlətini qurmaq, möhkəmləndirmək, müdafiə etmək və inkişaf etdirmək üçün ağır sınaqlarla, çətinliklərlə üzləşməli oldu. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu çətinliklərin öhdəsindən gəlməyə nail olmuş Azərbaycan Respublikası həm müstəqilliyini qoruyub saxladı, həm də respublika daxilində ictimai-siyasi sabitlik yaratdı.

Şəhidlər əvvəl bir ailənin övladı, şəhadətə qovuşandan sonra isə bütün Azərbaycanın övladı olurlar. 20 Yanvar hadisələri zamanı aparılan mübarizənin nəticəsi idi ki, Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Ordumuz 2020-ci il sentyabrın 27-də əks-hücuma keçərək qırx dörd gün ərzində müharibəni Qələbə ilə başa çatdırdı.

Əslində, 20 yanvardan sonra Azərbaycan əsgər və zabitləri 2016-cı ilin Aprel döyüşlərində “məğlubedilməz erməni ordusu” mifini darmadağın etmişdilər. 44 günlük Vətən müharibəsində bütün dünya bir hadisənin şahidi oldu ki, bu xalqın sayı az ola bilər, ərazisinin sahəsi kiçik ola bilər, ancaq Azərbaycan xalqı qəhrəman və mübariz xalqdır. Çünki bu xalq torpaq uğrunda minlərlə şəhid verib.

Şəhidlər Xiyabanı hər birimizin ziyarət yeridir. Hər dəfə şəhidlərin xatirəsini yad etmək üçün xiyabana gedəndə “sizin qanınız yerdə qalmayacaq” deyirdik. İndi onların məzarlarını igid oğul və qızlarımızın ruhuna dua oxuyaraq üzümüz ağ, alnımız açıq ziyarət edir və deyirik: “Rahat uyuyun, sizin qanınız yerdə qalmadı!”.

Azərbaycan 30 ildə yaxşı dostlar qazandı və bu dostluğun ən gözəl nümunəsi Türkiyənin bizi hərtərəfli dəstəkləməsi oldu. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” oldu. Eyni zamanda, türkdilli və digər dost dövlətlərin Azərbaycanın haqq işində yanımızda olması bizə əlavə güc verdi. Azərbaycan öz istiq­lalı, ərazi bütövlüyü uğrunda mübarizədə qalib gəldi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda şərəflə, qürurla dalğalanır. 20 Yanvar bu istiqlala gedən yolun ilk qığılcımları idi.

Bütün şəhidlərimiz bizim üçün əzizdir, 20 Yanvar şəhidlərinin yeri isə qəlbimizdə bir ayrıdır. Xalqımızın qəhrəman övladları qəlbimizdə, beynimizdə azadlıq toxumu əkdilər, yolumuza işıq saçdılar. Həmin toxumun cücərtiləri Vətən müharibəsində Qələbəmizi təmin etdi”.

Oxşar xəbərlər