Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yayımladığı açıqlamada yer alıb.
Açıqlamada Türkiyənin qlobal və regional miqyasda quru və dəniz minaları ilə mübarizə sahəsinə əhəmiyyətli və konkret töhfələr verdiyi, Milli Mina Fəaliyyəti Mərkəzi vasitəsilə insanlara qarşı olan minaların istifadəsinin, saxlanmasının, istehsalının və ötürülməsinin qadağan olunmasını və onların məhvini nəzərdə tutan Ottava Konvensiyasını, həmçinin bu çərçivədə yaradılmış beynəlxalq əməkdaşlığı dəstəklədiyi qeyd olunub.
Türkiyə XİN mina və partlamamış sursatların bir çox ölkədə insan təhlükəsizliyini təhdid edən ciddi problem olduğunu bildirərək, bu vəziyyətin eyni zamanda ölkələrin sosial-iqtisadi inkişafına və mədəni irsinin qorunmasına mənfi təsir göstərdiyini vurğulayıb. (AZƏRTAC)