Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıc məsələyə kəskin münasibət bildirərk qeyd edib ki, Azərbaycan təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazırdır:”Fransadakı Azərbaycan səfirliyinə erməni terrorçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin! Gəlin cəbhəyə sizə yerinizi göstərək, dərsinizi verək”!
Keçmiş səfir sonra əlavə edib ki, təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terrorçularla əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi, Fransa senatı Azərbaycan əleyhinə qərar qəbul etdi. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməlidir.
“BMT-nin dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi. 44 günlük Vətən müharibəsində Ermənistanı dəstəklədi. Sentyabrın 12-də ermənilərin törətdiyi təxribatdan sonra Paşinyanın zəng etdiyi ilk liderlərdən biri də məhz Fransa prezidenti oldu. İstəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçulara, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliyinə də əməl etsin.
Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsaydı nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən terrorçulardır.
“Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdir ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkləşməsinin zamanıdır. Bizim Qərbdəki diasporumuzun güclü olması lazımdır. Diasporumuz da birləşməlidir. Türk və Azərbaycan diasporları birləşməli, bir millətin bir diasporu olmalıdır”.
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan ziyarətinə də toxunan Hulusi Kılıc fikrini belə ifadı edib:” Bu səfər zamanlaması da çox düşündürücüdür. Bu şəxs avqustun 2-də Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə qaldı. Sonra isə Ermənistana səfər etdi. Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğursuz və gərəksiz hesab edirəm”-, deyə keçmiş səfir bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ