12.07.2025, 00:18
AZ EN
27.02.2025, 17:40 151

Paşinyanın məntiqsiz təklifləri

XƏBƏRLƏR
  • "Nikol Paşinyanın silahlanmaya nəzarətlə bağlı söylədiyi müzakirə predmeti deyil. Bu bənd sülh sazişinin mətnində yoxdur. Müharibədə məğlub olan ölkənin qalib ölkəyə “gəl silahlarımıza qarşılıqlı nəzarət edək” təklifinin irəli sürülməsi məntiqsizdir".

"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən parlamentdə jurnalistlərlə söhbətində sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən belə deyib. Onun sözlərinə görə, tarixdə belə bir hal olmayıb ki, qalib ölkə məğlub ölkənin tələbini yerinə yetirsin: "Bir də ki, Azərbaycanın silahlanması yalnız Ermənistanla əlaqəli deyil, bölgədə müxtəlif çağırışlara hazır olmalıyıq".

Politoloq hesab edir ki, Paşinyanın “tərəflər sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsində razılığa gələ bilməyib” ifadəsinin ünvanı Bakı deyil, İrəvandır. Onun sözlərinə görə, Paşinyan Avropa İttifaqının və Fransanın istəyi ilə Ermənistanda müşahidəçilər yerləşdirməsəydi, bu məsələ Bakı ilə İrəvan arasında fikir ayrılığına səbəb olmazdı: "İki ölkə arasında sülh danışıqları aparılırsa və sülh sazişi imzalanacaqsa gərginlik yaradan müşahidəçilər bölgəni tərk etməlidirlər. Bu rəsmi Bakının haqlı tələbidir. Onların sərhəd boyu hərəkət etmələri, Avropadan gələnlərin daima durbinlə Azərbaycana boylanmaları iki ölkə arasında əlavə gərginlik mənbəyinə çevrilib".

Paşinyanın kommunikasiyaların açılması ilə bağlı bəyanatını şərh edən Elxan Şahinoğlu bildirib ki, Ermənistan lideri bu məsələdə iki variant təklif edib. Birinci təklif budur ki, Ermənistan Azərbaycandan Naxçıvana keçidi İrandan keçən yol kimi eyni prinsiplə aça bilər. İkinci təklifi isə odur ki, İrəvan qarşılıqlı əsasda yolun işləmə rejimini sadələşdirməyə hazırdır: "Əslində bu təkliflərin heç biri yeni deyil və Paşinyan bunu əvvəllər də bir neçə də söyləyib. Görünür, Paşinyan əvvəlki kimi Zəngəzur dəhlizindən maneəsiz keçidin əleyhinədir".

Xatırladaq ki, Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. Bunlardan biri sərhəddə yerləşən avropalı müşahidəçilərin bölgədən çıxarılması, digəri isə tərəflər arasında nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Azərbaycanın irəli sürdüyü tələblərdir. Həmin təkliflərin yerinə yetirilməsi azmış kimi, İrəvanın silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminin hazırlanması təşəbbüsü ilə çıxış edir.

Elxan SALAHOV

Oxşar xəbərlər