13.12.2024, 01:33
AZ EN
12.12.2024, 20:10 119

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

XƏBƏRLƏR
  • Sankt-Peterburqda Azərbaycanın Baş konsulluğunun təşkilatçılığı ilə Ümummilli Lider, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım günü tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin 1949-1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbinin yerləşdiyi Qoroxova küçəsindək barelyefi önünə gül dəstələri düzüblər.

Mərasimdə Baş konsulluğun heyəti, Sankt-Peterburq hökumətinin və şəhər administrasiyasının nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Sonra MDB Parlamentlərarası Assambleyasının “Parlament” mərkəzində Baş konsulluğun təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım günü tədbiri keçirilib.

Tədbirdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov, Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədr müavini Yevgeni Kassyura, Sankt-Peterburqun Qanunvericilik Məclisinin deputatları və Leninqrad vilayəti hökumətinin rəsmiləri, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Belarusun Sankt-Peterburq şəhərindəki baş konsulları, MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Rusiya, Qazaxıstan, Tacikistanın MDB PA Şurasında səlahiyyətli nümayəndələri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, Azərbaycan diasporunun nümayəndələri, azərbaycanlı doktorantlar və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan baş konsul vəzifəsini icra edən Anar Yusifzadə Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, əvəzolunmaz və unikal dəst-xətti ilə seçilən böyük fenomen olan dahi şəxsiyyətin azərbaycanlı olmasının Azərbaycanın xalqının milli üstünlüyü və bəşəri uğuru olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburq üzrə nümayəndəliyinin rəhbəri Vladimir Zapevalov Heydər Əliyevin həyat və fəaliyyəti ərzində Azərbaycan-Rusiya arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafında həyata keçirdiyi misilsiz işlərdən bəhs edərək iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq əlaqələrinin təməlinin hələ zamanında Ümummilli Lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulduğunu bildirib.

Sankt-Peterburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov çıxışı zamanı Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb, xaricdə yaşayan azərbaycanlıların vahid diaspor təşkilatı ətrafında birləşməsi ideyasının məhz Ümummilli Liderə məxsus olduğunu, onun Azərbaycanın müstəqilliyi və tərəqqisindəki xidmətlərindən, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

MDB PA Şurasının Baş katibinin müavini – Azərbaycan Milli Məclisinin MDB PA-da səlahiyyətli nümayəndəsi Aydın Cəfərov Ümummilli Lider Heydər Əliyev ilə bağlı xatirələrini bölüşərək onun müstəqil Azərbaycan diplomatiyasının banisi olduğunu, Azərbaycanın tərəqqisi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı yolunda tarixi xidmətlərindən danışıb.

Anım tədbiri çərçivəsində Sankt-Peterburqun Qanunvericilik Məclisinin sədri Aleksandr Belski və Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı müraciət məktubları Anar Yusifzadəyə təqdim olunub.

Sonda TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Liderin ürəyi” (“Сердце Лидера”) sənədli filmi nümayiş edilib. (Report)

Oxşar xəbərlər