Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında çıxışı zamanı söyləyib.
Nazir deyib: “Sülh və mehriban qonşuluq münasibətləri Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz.
Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir”.
C.Bayramov vurğulayıb ki, Azərbaycanın bu məsələdə qətiyyəti dəyişməzdir, buna qarşılıq olaraq Ermənistan tərəfindən də siyasi iradə və məsuliyyət gözləyir. (AZERTAC)