22.11.2024, 21:15
AZ EN
22.11.2024, 15:10 137

Sərhəddəki Aİ missiyası gələn il olmaya bilər

XƏBƏRLƏR
  • Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasındakı sərhəddə yerləşdirilmiş müşahidə missiyasının həmin ərazilərdə qalma müddəti uzadılmaya bilər. Buna səbəb beynəlxalq status daşımayan müşahidə missiyasının Azərbaycanın razılığı olmadan Ermənistan vasitəsilə sərhəddə yerləşdirilməsi və Rusiyanın da belə bir missiyanı qəbul etməməsidir.

"Vətən səsi" xəbər verir ki, artıq rəsmi İrəvan da Ermənistan-Azərbaycan sərhədindəki Aİ-nin müşahidə missiyasının müddətinin uzadılması məsələsinə aydınlıq gətirilməməsindən narahatdır. Bu qurumda Ermənistanın ən çox arxalandığı Fransa da həyəcan təbili çalır. Həm də ona görə ki, Aİ-də Parislə birlikdə hərəkət edən Berlinin başı daxildəki hökumət böhranına qarışıb. Bu isə Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının müddətinin uzadılması məsələsinə böyük şübhə altına qoyur.

Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Aİ rəsmiləri İrəvanın bununla bağlı narahatlıqlarına cavab verməkdə çətinlik çəkir. Təşkilatın səfiri Vasilis Maraqos dünənki açıqlamasında bildirib ki, missiya bitdikdən sonra 200-dən çox müşahidəçinin Ermənistanda qalıb-qalmayacağı məlum deyil: “Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”.

Erməni mətbuatı Aİ-nin özünün də bu məsələdə çətinlik çəkdiyini yazır. Çünki Azərbaycanla yanaşı, Rusiya da avropalı müşahidəçilərin Ermənistandakı fəaliyyətindən narazıdır: “İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma vəziyyət başqa cürdür. Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik siyasət yürütdüyü, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Avropada ehtiyat edirlər ki, Paşinyan hakimiyyəti Qərbdən üz döndərib, yenidən Rusiyaya qucaq aça bilər".

“Past” qəzetində dərc olunan məqalədə deyilir ki, Azərbaycan avropalı müşahidəçilərin yerləşdirilməsinin əleyhinədir. Nəşr rəsmi Bakının mövqeyi üzərində daha çox dayanır və bildirilir ki, Azərbaycan hökumətinin Aİ rəhbərliyi qarşısında müşahidə missiyasının mandatının uzadılmaması tələbi qoyması istisna deyil: "Görünür Paşinyan hökuməti Bakının həmin tələbini də yerinə yetirmək qərarına gəlib. Bir neçə gün əvvəl Azərbaycan mediası sülh müqaviləsinin dərc olunmamış bəndləri barədə yazmışdı. Həmin bəndlərdən biri də Aİ missiyasının geri çəkilməsi ilə bağlıdır”.

Məqalədə vurğulanır ki, Rusiya da Aİ-nin müşahidə missiyasının Azərbaycanla Ermənistan arasındakı sərhəddə yerləşdirilməsinə qarşıdır. Hətta Moskva missiyanı Azərbaycan, Rusiya və İrana qarşı casusluq fəaliyyətində ittiham edib.

Xatırladaq ki, Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti gələn ilin fevralında başa çatır.

Elxan SALAHOV

Oxşar xəbərlər