"Vətən səsi" xəbər verir ki, Ermənistanda Paşinyan hökumətinə müxalif mövqeyi ilə seçilən “Hraparak” qəzetində dərc olunan məqalədə belə deyir. Təhlil xarakterli yazıda bildirilir ki, ABŞ hökuməti və Vaşinqtonun siyasətini müəyyənləşdirən mərkəz dairələr Bakı ilə İrəvan arasında bütün mübahisəli məsələlərə son qoyulmasını istəyir və prosesin mümkün qədər qısa müddətdə başa çatmasında maraqlıdır. Buna görə də Blinkenlə Fidanın telefon danışığının gündəmində sülh müqaviləsinin ən qısa vaxtda imzalanması və ya prosesin intensivləşdirilməsinin vacibliyi önə çəkilib.
Məqalədə sülh müqaviləsi və kommunikasiyaların açılması ilə bağlı rəsmi Bakıdan nikbin bəyanatların verildiyinə də diqqət çəkilir. Bildirilir ki, Türkiyə-Azərbaycan tandeminin gündəliyində olan duran əsas məsələlərdən biri Bakı ilə Naxçıvan arasında quru yolun məhz Zəngəzurdan keçməsidir: "Ermənistanın qarşısına qoyulan şərtlərdən biri Sünikdən (Zəngəzur - red.) keçən dəhlizlə bağlıdır. Danışıqların gedişatı göstərir ki, Türkiyə də bu məsələdə geri çəkilmək niyyətində deyil. Baş nazir Paşinyan Kazanda Prezident Əliyevlə isti müzakirə apardığını gizlətmir. O bir az da irəli gedərək bəyan edir ki, Ermənistan və Azərbaycan dinc yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi yox, həm də strateji saziş bağlamalıdır. Onun fikrincə, iki ölkə bu düsturla əsrlərlə yanaşı yaşaya bilər. Əslində, Paşinyan Azərbaycana çoxdan gözlənilən dəhlizi vəd edir və bəyan edir ki, regional kommunikasiyalar məsələsində qarşılıqlı məqbul həll yolu tapmağa yaxınıq. Bu təklif artıq yazılı şəkildə Azərbaycana çatdırılıb. Mirzoyan da dəmir yolunun işə salınması ilə bağlı Ermənistanla Azərbaycan arasında sıx danışıqların getdiyini bildirib”.
Erməni nəşri yazır ki, regional kommunikasiyaların açılmasına ABŞ-la yanaşı Rusiya və İran da xüsusi maraq göstərir. Hətta Ermənistan Zəngəzurdan dəhliz verməsə belə, yol İran tərəfdən açılacaq: "Zəngəzur dəhlizi məsələsi Blinken-Fidan görüşündə kifayət qədər danışılıb. ABŞ-dakı seçkilərdən sonra məlum olur ki, Vaşinqton da İrandan keçən dəhlizə razılıq verərək Rusiyanın marağında olan bu layihəni dəstəkləyəcək. Hazırda isə bütün tərəflər danışıqların dekabr ayında başlayacaq yeni raunduna hazırlaşır”.
Məqalədə o da qeyd edilir ki, hazırkı vəziyyət regional kommunikasiyaların açılması məsələsində Ermənistanın təklənməsinə və proseslərdən tamamilə kənarda qalması ilə nəticələnə bilər. Bu isə regionda təsir imkanları yaratmaq istəyən ABŞ və Avropanın maraqlarına cavab vermir. Belə olan halda Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq təzyiqlərin artacağı gözləniləndir.
Elxan SALAHOV