21.05.2024, 02:30
AZ EN
17.02.2023, 17:00 173

Küveyt nəşri Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini dərc edib

XƏBƏRLƏR
  • Küveytin aparıcı “Dasmannews” nəşrində Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yaydığı Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin mətni dərc edilib.

Ölkəmizin Küveytdəki səfirliyində bildiriblər ki, BMT-nin altı rəsmi dilindən biri olan ərəbcə də yayılan həmin müraciətin indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi mühüm amildir. Belə ki, qaçqın düşmüş azərbaycanlıların Qərbi Azərbaycandakı evlərinə qayıtması təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması baxımından zəruri bir prosesdir.

Müraciətdə bildirilib ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Qərbi Azərbaycan İcması həmin torpaqlarda azərbaycanlıların tarixi və mədəni irsinin bütün nümunələrinin dəqiq siyahısını hazırlayır.

Küveytli oxuculara, həmçinin 2020-ci ildə öz torpaqlarının işğalına son qoymuş dost Azərbaycan xalqının XX əsr boyu Ermənistan tərəfindən məruz qaldığı cinayətlər barədə geniş məlumat verilib. Eyni zamanda, onlara sonradan Ermənistan adlanan, əslində, Azərbaycan torpaqları olan ərazidəki doğma yurdlarından qovulmuş azərbaycanlıların tarixi və qanuni hüquqları barədə real həqiqətlər də təqdim edilib.

Sonda qeyd edilib ki, Qərbi Azərbaycan İcmasının üzvləri öz doğma torpaqlarına qayıtmaqda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vasitəçi olmasını istəyib, həmçinin Ermənistandan bu məsələni üzərinə götürdüyü beynəlxalq öhdəliklər çərçivəsində həll etməyi tələb edib. (AZƏRTAC)

Oxşar xəbərlər