"Vətən səsi" xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Nazirliyi bununla bağlı qərar qəbul edib. Məlumata görə, nazirlik regionun tarixi adının özünə qaytarılmasını nəzərə alaraq tədris proqramında dəyişikliklər edəcək Belə ki, tarix üzrə tədris proqramında fundamental dəyişikliklər ediləcək və “Mərkəzi Asiya” termini “Türküstan” ilə əvəz olunacaq.
Ekspertlər bildirirlər ki, sözügedən qərar gələcək nəsillər arasında vətənpərvərliyin gücləndirilməsinə yönəlib. Eyni zamanda, onların fikrincə, bu dəyişiklik Türk dünyasında ümumi tarixin, ədəbiyyat, xəritə və əlifbanın yaradılması daxil olmaqla, əlaqələrin möhkəmləndirilməsi üzrə daha geniş strategiyanın bir hissəsidir.
Politoloq Elxan Şahinoğlu deyib ki, Mərkəzi və ya Orta Asiya üçün ən yaxşı termin Türkiyənin rəsmən qəbul etdiyi "Türküstan" adıdır. Onun sözlərinə görə, Türkiyənin bu qərarı ilə bağlı bölgə ölkələrinin münasibətləri müsbətdir: “Türkiyə Təhsil Nazirliyinin “Orta Asiya” ifadəsinin “Türküstan” olaraq dəyişdirilməsinə yönəlik qərarı və dərs kitablarında müvafiq dəyişiklik etməsi önəmlidir. Türk dövlətləri arasında interqasiyaya xidmət edən bu qərarın geosiyasi əhəmiyyəti də var. Məni yeni terminlə desək, Türküstan dövlətlərinin Türkiyənin bu qərarına münasibəti maraqlandırırdı. Əvvəlcə illərdir dostluq etdiyim qazax həmkarım Nurqali Jusipbayla əlaqə saxladım. TRT-nın Astanadakı ofisində çalışan Nurqali Qazaxıstan rəsmiləri və ekspertlərinin Ankaranın qərarına müsbət yanaşdıqlarını söylədi".
Politoloq hesab edir ki, digər Türküstan ölkələrinin də bu qərara münasibəti oxşardır. Onun fikrincə, bu bölgəni bəziləri “Mərkəzi Asiya”, digərləri “Orta Asiya” adlandırsalar da, ən doğru termin elə Türküstandır: "Türküstanda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan kimi türk dövlətləri yerləşir. Bu ölkələr həm də Azərbaycan və Türkiyənin yer aldığı Türk Dövlətləri Təşkilatının üzvləridir. Region ölkələrindən yalnız Türkmənistan hələlik müşahidəçi qismində çıxış edir, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti də bu statusdadır".
Xatırladaq ki, Asiyanın cənub-qərbdə Xəzər dənizinə, şimal-qərbdə Şərqi Avropaya, şərqdə Çinə və Monqolustana, cənubda Əfqanıstan və İrana, şimalda Rusiyaya qədər uzanan bu regiona 100 ildir "Mərkəzi Asiya" və ya "Orta Asiya" adlanır. Həmin regiona tarixi türk torpaqlarında qurulmuş və sovet hökuməti qurulana qədər ümumi olaraq "Türküstan" adlandırılan Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Qərbdə Xəzər dənizi sahilindən başlamış şərqdə Çinin Böyük Xinqan dağlarınadək böyük bir regionu əhatə edən Türküstan tarixən İpək yolu ticarət yolları ilə sıx bağlı olub. Regionun əksər ölkələri hələ də dünya iqtisadiyyatının bir hissəsidir.
Elxan SALAHOV