Bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sözçüsü Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, 4-5 may tarixlərində Qambiyanın Bancul şəhərində keçirilən zirvə görüşündə İƏT üzvü olan 57 ölkə Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlığını bildirib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə edib:
“Bundan əlavə, həmin ölkələrin dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıb”.
QAİ sözçüsü əlavə edib ki, bu qərarı ilə İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə edən ilk beynəlxalq təşkilat olub
“Bu, bizim İcma olaraq soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı istiqamətində apardığımız haqq işimizdəki tarixi nailiyyətdir. Dünyanın 57 ölkəsinin Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı dəstək ifadə etməsi əhəmiyyətli uğurdur. 57 ölkə dünyanın böyük bir qismi deməkdir. Bu həm də ikili standartlar nümayiş etdirən bəzi beynəlxalq təşkilatlara da nümunə ola bilər ki, beynəlxalq aləm təkcə onların siyasiləşdirilmiş maraqlarından və qərəzli yanaşmalarından ibarət deyil. Qərbi Azərbaycandan sonuncu 1987-91-ci illər deportasiyası zamanı 300 minə yaxın soydaşımız zorla çıxarılıb. Bu qədər insanın hüquqlarını görməzdən gəlmək həmin qərəzi nümayiş etdirən bəzi qurumların təmsil etdiyi beynəlxalq hüquq və ədalət prinsiplərini özlərinin iflic etməsi anlamına gəlir”.
“İƏT ölkələri həm də Ermənistan ərazisindəki tarixi-mədəni abidələrimizin dağıdılmasını qınayıblar. İrsimizin məhv edilməsi ilə bağlı etdiyimiz müraciətlərin etinasızlıqla qarşılandığı bəzi – özünü dünya mirasının qoruyucusu elan edən təşkilatlar da bu addımdan nümunə götürməli, siyasi maraqları kənara qoyaraq öz nizamnamələrində yer alan bəndlərə əməl etməlidirlər”, - o qeyd edib.
Ü.Zülfiqar vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının soydaşlarımızın geri qayıdışı uğrunda apardığı iş üzrə beynəlxalq istiqamətdə əldə etdiyi uğurlar sırasında qurumun 8 sənədinin BMT-nin rəsmi sənədi kimi dövr etməsi, ATƏT çərçivəsindəki tədbirlərdə çıxışlarımız, bir sıra qurumlardan neytral xarakterli olsa da, cavabların verilməsi yer alır: “Biz haqq səsimizin dünyaya çatdırılması istiqamətində apardığımız intensiv fəaliyyəti bundan sonra da davam etdirəcəyik”. (Report)