23.11.2024, 05:11
AZ EN
20.05.2023, 19:35 232

Günnüt əməliyyatı Qələbəyə gedən yolda ən önəmli mərhələlərdən biri idi

XƏBƏRLƏR
  • Azərbaycan Ordusu Günnüt əməliyyatında qazandığı uğurla tarix yazdı. Beş il bundan əvvəl mayın 20-də Naxçıvan Muxtar Respublikasının ərazisində həyata keçirilən Günnüt döyüşləri Azərbaycan dövlətinin və ordusunun gücünü düşmənə göstərdi. Aprel döyüşləri kimi Günnüt əməliyyatı da hərb tariximizə uğurlu səhifə kimi yazıldı.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Günnüt əməliyyatı 44 günlük Vətən müharibəsində Qələbəyə gedən yolda ən önəmli mərhələlərdən biridir. “Döyüş meydanında uzun sürən sükutdan sonra Azərbaycan Ordusu Ermənistanın davamlı təxribatlarına cavab verməyə məcbur oldu. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən hücumunun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirildi. Dördgünlük müharibə zamanı Ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Nəticədə Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

“Beləliklə, Aprel döyüşləri Vətən müharibəsində şanlı Zəfərimizin ilk başlanğıcı kimi tarixə yazıldı. Azərbaycan Ordusu bu döyüşlərdə itki versə də, öz gücünü düşmənə göstərdi. Bundan cəmi iki il sonra 2018-ci ilin may ayında həyata keçirilən Günnüt əməliyyatı isə Zəfərimizə gedən yolda ikinci başlanğıc idi. Ordumuz yalnız bir nəfər şəhid verməklə mühüm strateji yüksəklikləri ələ keçirdi. Bu yüksəkliklərin geri qaytarılması Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərinin əhəmiyyətini azaltdı.

İyirmi altı il işğal altında olan Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağı, Dərələyəz mahalının Arpa kəndi azad olundu. Ümumilikdə 11 min hektar ərazi düşmən tapdağından xilas edildi. Günnüt əməliyyatı ordumuzun manevr qabiliyyətinə malik olduğunu, peşəkarlığını nümayiş etdirdi”, - deyə Ceyhun Məmmədov vurğulayıb.

“Azərbaycan Günnüt əməliyyatı ilə Ermənistana ciddi xəbərdarlıq etsə də, düşmən bundan dərs almadı. Nəticədə Azərbaycan Ordusu son olaraq öz gücünü 44 günlük Vətən müharibəsində düşmənə bir daha göstərdi. Ermənistan da daxil olmaqla bütün dünya Azərbaycan dövlətinin, xalqının və Ordusunun gücünü gördü. Möhtəşəm Qarabağ Zəfəri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğunun uğurla davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır və daha möhkəmləndirilir. Güclü ordusu olan ölkə basılmaz”, - deyən deputat fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər