“Vətən səsi” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanda Paşinyan rejiminə müxalifətdə olan bəyanatın müəllifi yerli “Sosial ədalət uğrunda” partiyasının lideri Arman Qukasyan bildirib. Rusiyapərəst mövqeyi ilə tanınan siyasətçi deyib ki, rəsmi İrəvanın Rusiyadan üz çevirərək ABŞ və qərblə əməkdaşlığa can atması xarici qüvvələrin Ermənistanı özünə çəkmək və ondan siyasi alət kimi istifadə etmək imkanlarını artırır: “Vəziyyət bizim təsəvvür etdiyimizdən də ağırdı. Qərb Ermənistanı tarixi inkişaf yolundan və təbii coğrafiyadan ayırmaqla region ölkələri ilə üz-üzə qoymaq istəyir. Ermənistan faktiki təklənmiş, köməksiz hala gətirilmiş durumdadır, buna qətiyyən yol vermək olmaz. Əks halda Ermənistan dövlətçiliyi böyük təhlükə qarşısında qalacaq”.
Arman Qukasyan qonşu Gürcüstandakı siyasi gərginlik fonunda ABŞ və qərb ölkələrinin Ermənistanda oxşar hadisələr törədə biləcəyindən ehtiyatlanır. O, məhz bu kontektdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin iki həftə əvvəl yaydığı məlumata da diqqət çəkib. Müxalifətçi partiya sədri qeyd edib ki, Moskvanın yaydığı həmin məlumatlar qərbin Ermənistanla bağlı planlar qurduğunu təsdiqləməklə yanaşı narahatlıqların kifayət qədər əsaslı olduğunu təsdiqləyir: “Xarici qüvvələr, xüsusilə ABŞ, qərbyönümlü partiyaların parlamentə və 2026-cı il seçkilərində hakimiyyətə gəlməsini təmin etmək üçün fəal işləyir. Həmin siyasi qüvvələr arasında Aram Sarkisyanın "Respublika", Arman Babacanyanın "Respublika naminə", Tiqran Xzmalyanın "Avropa Partiyası" və Levon Şirinyanın "Xristian-Demokrat Partiyası" mövcuddur. Bu strukturlar özlərini "demokratiyanın barışmaz müdafiəçiləri" kimi təqdim etsələr də, onların əsl məqsədi Ermənistanın milli maraqlarından çox xarici qüvvələrin maraqlarını irəlilətməkdir”.
Erməni siyasətçi vurğulayıb ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması və qurumun sammitlərində iştirak etməməsi İrəvana xeyir gətirmir. Onun fikrincə, bu vəziyyət üçüncü qüvvələrin əl-qolunu açır: “Xarici qüvvələr yaranmış fürsətdən istifadə edərək Ermənistanla Rusiyanın münasibətlərini korlamağa çalışır. Amma Ermənistanda xarici qüvvələrə öz ssenarisini həyata keçirməyə yol verməyəcəyik”.
Elxan SALAHOV