Bu fikirləri Azərbaycanın Fransada, eyni zamanda, Monakodakı səfiri Leyla Abdullayeva deyib.
Səfir bildirib ki, heykələ qarşı törədilmiş vandalizm aktlarına - üzərinə boya tökülməsinə, heykəlin burnunun və barmaqlarının sındırılmasına Evian-lö-Bən şəhər meriyası etinasızlıq göstərib, heykəl təmizlənməyib, onun üzərində bərpa işləri görülməyib və aylarla bürünmüş şəkildə qalıb. Bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub və heykəl geri qaytarılmayıb.
“Bu gün çox məmnunuq ki, Azərbaycan tərəfindən qısa zamanda təmizlənmiş və bərpa edilmiş heykəl Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinin həyətində yenidən ucaldılıb. Göründüyü kimi, heykəl təmizlənib və bərpa edilib. Artıq xalqımızın sevimli şairəsi Xurşidbanu Natəvanın ruhu şaddır, həm də bu, ikiqat sevincdir. Çünki Natəvanın heykəli hər birimiz üçün çox əziz gündə - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə yenidən ucaldıldı. Bu, Mədəniyyət Mərkəzimizin tarixində gözəl bir gün kimi yadda qalacaq”, - deyə diplomat vurğulayıb. (AZƏRTAC)